3_FRANSA PREZIDENTI-SAFAR-FRANSIZ LISEYININ TAMALQOYMA MARASIMI.JPG
7 oktyabr 2011

Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilib

Oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Nikola Sarkozi və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. 

 

Prezident İlham Əliyev Fransa dövlətinin başçısı Nikola Sarkozini qarşıladı. Mərasim iştirakçıları Azərbaycan və Fransa prezidentlərini hərarətlə qarşıladılar.

 

Əvvəlcə “Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında” Saziş imzalandı. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzaladılar.

 

Dövlət başçıları mərasimdə çıxış etdilər.

 

X X X

 

Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxdılar.

 

Sonra Fransız Liseyinin təməli qoyuldu.

 

Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxdılar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı tökdülər.

 

Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır. Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.


Fransa Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil ocağı Bakının “Ağ şəhər” adlanan ərazisində inşa olunacaqdır. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan “Bakı Ağ şəhər” layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.

 

Sonra Azərbaycanın və Fransanın dövlət başçıları ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşdülər, onlara fəaliyyətlərində uğurlar arzuladılar.

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Nikola Sarkozini yola saldılar.



FOTO

VİDEO