0.jpg
1 iyun 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı psixo-nevroloji uşaq evində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iyunun 1-də - Uşaqları beynəlxalq müdafiə günü Bakı Baş Səhiyyə İdarəsinin Nərimanov rayonundakı Psixoloji-nevroloji uşaq evində olmuşdur. Uşaq evi Fondun vəsaiti hesabına əsaslı təmir olunmuş, lazımi avadanlıqla təmin edilmişdir. Burada Mehriban xanımı böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.


Fondun prezidenti ümummilli liderimiz Heydər Əliyevin uşaqların əhatəsində çəkilmiş portretinə, bu tibb ocağının təmirdən əvvəlki və hazırkı görkəmini əks etdirən fotoguşəyə baxdı. Həyətdə uşaqların əylənməsi üçün yaradılmış şəraitdən, burada aparılmış yaşıllıq, abadlıq işlərindən razılığını söylədi, bu ilin əvvəlində burada gördüyü mənzərədən əsər-əlamət qalmadığını bildirdi.


Mehriban xanım Əliyevaya məlumat verildi ki, 100 çarpayılıq uşaq evində hazırda 87 azyaşlı uşaq müalicə edilir. Buraya qəbul olunarkən hətta ayaq üstə durmağı bacarmayan xeyli uşaq indi fiziki sağlamlığını bərpa edərək sərbəst yeriyir. Uşaqların müayinə və müalicəsi ilə öz peşəsinin şərəf və məsuliyyətini dərk edən ali təhsilli, təcrübəli həkim və tibb işçiləri məşğul olurlar. Səhiyyə ocağı xaricdə istehsal olunmuş trenajorlar, inventarlar, yataq dəstləri, müasir tibb avadanlığı ilə tam təchiz edilmişdir. Fondun prezidenti işıq, qaz, su təchizatı ilə maraqlandı, uşaqların çəkdikləri rəsmlərə, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə dair şəkillərə baxdı, aktiv terapiya, masaj, müayinə, yataq, yemək otaqlarını gəzdi, təmirin, avadanlığın keyfiyyətinə xüsusi diqqət yetirdi, hər uşağa ayrılan yemək norması, tibb ləvazimatları, dərman preparatları ilə təminatın vəziyyətini öyrəndi, burada çalışan insanların əməyini yüksək qiymətləndirdi.


Geniş, bayramsayağı bəzədilmiş salonda müəllim və uşaqların hazırladığı musiqili-ədəbi kompozisiya göstərildi. Vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndi, mahnı və rəqslər ifa olundu. Mehriban xanım balacaları Uşaqları beynəlxalq müdafiə günü münasibətilə təbrik etdi, ən xoş arzularını bildirdi, onlarla şəkil çəkdirdi.


Buraya toplaşmış valideynlər Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndirdilər. Onun rəhbərliyi ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayaraq, bir çox internat məktəblərində kompleks yenidənqurma, əsaslı təmir işləri görüldüyündən xəbərdar olduqlarını, bu qayğı və diqqətdən minlərlə ailənin təsəlli tapdığını bildirdilər. valideynlər uşaqların bayramında buraya gəldiyinə, onlara sevinc bəxş etdiyinə görə Mehriban xanıma ürəkdən təşəkkür etdilər.


Mehriban xanım Əliyeva uşaq evinin kollektivinə ümummilli lider Heydər Əliyevin vəsiyyətlərini unutmamağı, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti artırmağı, öz vəzifələrinin necə şərəfli, məsuliyyətli, savab iş olduğunu daim yadda saxlamağı tövsiyə etdi.


FOTO