1.JPG
28 oktyabr 2021

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.armeniancrimes.com resurs bazası ictimaiyyətə təqdim olunub.

 

Portalın əsas məqsədi Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Portalda təqdim olunan məlumatların hər biri yerli və beynəlxalq mənbələrə əsaslanaraq, konkret faktlarla çatdırılır. Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənəcək.

 

Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir.

 

“Erməni vandalizmi” bölməsində vandalizmə məruz qalmış tarixi mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğala məruz qaldıqdan sonra 30 ilə yaxın müddətdə həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilib.

 

Portalda ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə daha sürətli və diqqəti cəlb edən üsullarla çatdırmaq üçün hazırlanmış posterlər də yer alıb. Dağıntıya məruz qalmış abidələr haqqında məlumatlar fotolarla yanaşı qısa informasiyalarla da çatdırılır.

 

Erməni işğalına məruz qalmış ərazilərimizin coğrafi mövqeyini, görməli yerlərini, tarixi abidələrini, işğaldan əvvəlki həyat tərzini və inkişaf perspektivlərini, işğal dövründə viranə qoyulmuş vəziyyətlərini ictimailəşdirmək və dünya icimaiyyətinə çatdırmaq üçün ingilis dilində alt yazı və hər regiona xas musiqi müşayiəti ilə qısa video çarxlar hazırlanıb.


FOTO