05.JPG
14 may 2022

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatıb.

 

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdur.

 

Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxış ediblər.

 

Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-dən 14-dək Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.


FOTO