17 iyun 2008

“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumu dünya ictimaiyyətinin marağına səbəb olub

İndoneziyada və ona qonşu ölkələrdə ən çox oxunan ingilis dilində nəşr olunan “The Jakarta Post” qəzetində Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu barədə silsilə məqalələrin dərci davam etdirilir.


Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, qəzetin 14 iyun buraxılışındakı yazıda bildirilir ki, İKT-nin baş katibi Ekmələddin İhsanoğlunun forumda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşkilatın humanitar məsələlər üzrə elçisi statusuna dair diplom təqdim etmişdir.

 

E.İhsanoğlu quraqlıq, zəlzələ, sunami və digər təbii fəlakətlərdən zərərçəkənlərə yardım edəcək tanınmış bir şəxsə İslam dünyasının ehtiyacı olduğunu söyləmişdir. O, bu şəxs qismində məhz Mehriban xanım Əliyevanı gördüyünü bildirmişdir.

 

Qəzet yazır ki, Mehriban xanım Əliyeva xeyriyyəçilik, qadınların təhsili, aztəminatlı ailələrə və kimsəsizlərə yardım edilməsi, idmanın inkişafı sahələrində vacib layihələr həyata keçirir.

 

Məqalədə Mehriban xanım Əliyevanın xalq sənəti və musiqisinin inkişafına göstərdiyi dəstəyə görə YUNESKO tərəfindən 2004-cü ildə təşkilatın xoşməramlı səfiri təyin edildiyi, iki il sonra isə İSESKO tərəfindən eyni ada layiq görüldüyü bildirilir.