27 dekabr 2014

“Biz hamımız uşaqlıq ölkəsindənik”

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilmiş “Biz hamımız uşaqlıq ölkəsindənik” (“Все мы родом из детства”) adlı sənədli film nümayiş olunub. 

 

Filmdə Mehriban Əliyevanın çəkildiyi “Danışan məktub” filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan biri olan Validə obrazını onun oynadığı qeyd edilir.

 

Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun yüzlərlə insana köməklik göstərdiyinin vurğulandığı filmdə belə ailələrdən birinin də balaca İmranın ailəsi olduğu bildirilir. Qeyd olunur ki, bədbəxt hadisə nəticəsində ağır zədə almış İmran məhz Fondun dəstəyi ilə yenidən normal həyata qayıdıb.

 

Filmdə Mehriban Əliyevanın ali təhsil aldığı və həkim işlədiyi illərdən də bəhs edilir.

 

Filmin yaradıcı heyəti Mehriban Əliyevanın ölkənin inkişafına, Bakının memarlığına xüsusi önəm verdiyini vurğulayır,Azərbaycanda Müasir İncəsənət Muzeyi kimi yeni incəsənət və mədəniyyət mərkəzlərinin yaradıldığını qeyd edir.

 

Filmdə UNESCO-nun baş katibi İrina Bokova, Fransa Senatının üzvü Natali Qule Mehriban Əliyevanın Azərbaycanın xaricdə tanıdılması istiqamətində gördüyü işlərdən danışırlar. Aktrisa Ornella Muti 2 il əvvəl Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirildiyini, müsabiqənin təşkilat komitəsinə Mehriban Əliyevanın rəhbərlik etdiyini xatırladır.

 

Filmdə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada qədim məbədlərin, Romada katakombaların bərpa edildiyi, Azərbaycanın İtaliyada həyata keçirilən müştərək humanitar layihələrdə iştirak edən ilk müsəlman dövləti olduğu, Fondun Versal sarayında aparılan bərpa işlərində fəal iştirak etdiyi də vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi fəaliyyətindən, Federasiyaya rəhbərlik etdiyi dövrdə ölkədə bu idman növünün inkişafından bəhs olunur.

 

SSRİ xalq artisti Tamara Sinyavskaya Mehriban Əliyeva haqqında xatirələrini bölüşür, Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner birinci xanımın rəhbərliyi ilə Azərbaycan gimnastikasının qazandığı uğurlardan, aktyor Rober Osseyn isə Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli humanitar fəaliyyətindən bəhs edirlər.


VİDEO