28 aprel 2010

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

İyunun 28-29-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu: Bakı forumu” beynəlxalq konfransı keçiriləcəkdir. Konfransın təşkilatçıları Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyidir.

 

Rusiya Fəlsəfə Cəmiyyəti Rəyasət heyətinin üzvü, fəlsəfə elmləri namizədi Ariz Gözəlov bildirmişdir ki, konfransda aktual məsələlərin, o cümlədən mədəniyyətlərin birliyi və müxtəlifliyi, Şərq və Qərbin dünya mədəniyyəti prosesində rolu, qlobal təfəkkür tərzinin formalaşması, müasir dövrün qlobal problemləri və sabit inkişaf mədəniyyətinin formalaşması, mədəniyyətlərarası əlaqələrin etik dəyəri məsələlərinin və iki ölkənin elmi ictimaiyyəti arasında dialoqun genişlənməsi ilə bağlı digər mövzuların müzakirəsi nəzərdə tutulmuşdur. Forumda Azərbaycan və Rusiya alimləri məruzələrlə çıxış edəcək, diskussiyalar aparacaqlar. Konfransın materialları toplu şəklində nəşr olunacaqdır.