5 aprel 2012

Parisdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakıya uçuş” adlı sərgi açılacaqdır

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə “Bakıya uçuş” adlı sərginin açılması nəzərdə tutulmuşdur.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə açılacaq səyyar sərgini Şərq ilə Qərb mədəniyyətinin qovşağından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.


Sərginin ilk təqdimatı ilin əvvəlində Londonda - dünyanın ən böyük incəsənət auksionu sayılan “Phillips de Pury and Company” qalereyasında olmuşdur.


Müxtəlif beynəlxalq sərgilərin təşkilatçısı kimi tanınan Herve Mikaeloffun kuratorluq etdiyi növbəti sərgi Parisdə - Salomon de Rotşild malikanəsində keçiriləcəkdir.


“Bakıya uçuş” sərgisi qədim və zəngin özünəməxsus ənənələri olan Azərbaycanın müasir incəsənətini əhatə edən maraqlı konsepsiya əsasında hazırlanmışdır. Bakının özünəməxsus simasını və sürətlə inkişaf edən müasir Azərbaycanı təqdim etmək üçün müxtəlif nəsildən olan yaradıcı insanların - Ağa Hüseynovun, Aida Mahmudovanın, Əli Həsənovun, Altay Sadıxzadənin, Əliyar Əlimirzəyevin, Ənvər Əsgərovun, Faiq Əhmədin, Fəxriyyə Məmmədovanın, Fərid Rəsulovun, Hüseyn Haqverdinin, İrina Eldarovanın, Leyla Əliyevanın, Məmməd Mustafayevin, Məlik Ağamalovun, Mirnadir Zeynalovun, Niyaz Nəcəfovun, Orxan Hüseynovun, Rəşad Ələkbərovun, Rəşad Babayevin, Sənan Ələsgərovun və Törə Ağabəyovanın əsərləri seçilmişdir.


Təqdim olunan rəssamlıq, qrafika, heykəltəraşlıq, installasiya, video-art, foto performansların müəllifləri əsərlərində Azərbaycanın müasir vizual incəsənətinin dərin çalarlarını və müxtəlifliyini açmaqla yanaşı, çoxşaxəli mədəni məkanda öz parlaqlığını qorumaq imkanını da nümayiş etdirir.