1.jpg
20 fevral 2022

Heydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayır

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

 

“Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.

 

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası - yeni baxış” (“Азербайджанский ковер — новый взгляд”) sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” (“Из уст в уста” ) ədəbiyyat layihəsi təqdim ediləcək.

 

Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.