9 mart 2011

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda ikinci dəfə Beynəlxalq muğam festivalı keçiriləcəkdir

Dünyanın muğam biliciləri yenidən Bakıya gələcəklər.


Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcəkdir.

 

Festival çərçivəsində muğama həsr olunan müzakirələr keçiriləcək, klassik və simfonik muğamlar səsləndiriləcəkdir.

 

Martın 14-də Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli açılışı olacaq, martın 15-də Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan muğamı və Orta Şərq musiqisi ” elmi simpoziumu işə başlayacaqdır. Simpozium martın 17-dək Azərbaycan Bəstəkarlar İttifaqında davam edəcəkdir. Burada tanınmış muğam biliciləri ustad dərsləri də keçəcəklər.

 

Festival iştirakçıları və qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarına və “Arşın mal alan” operettasına tamaşa edəcəklər.

 

Beynəlxalq Muğam Mərkəzində isə muğamsevərlər Zabit Nəbizadə, Təyyar Bayramov, Cabir Abdullayev, Nəzakət Teymurova, Aygün Bayramova və Simarə İmanovanın ifasında “Rast”, “Segah”, “Cahargah”, “Bayatı-şiraz”, “Şüştər” muğamlarını dinləyəcəklər.

 

Eyni zamanda, musiqisevərlərə burada iraqlı Hüseyn Əladhaminin ifasında “İraqi məqam”, özbəkistanlı Yıldız Turdıyevin ifasında “Şaşmakom”, türkiyəli Salih Turhanım ifasında “Uzun hava”, hindistanlı İndrani Mukherjeenin ifasında “Raqa”, misirli Aicha Reduanenin ifasında “Nahda” və iranlı Salar Aghılının ifasında “Makam” təqdim olunacaqdır. Xalq Artisti Alim Qasımov isə ustad dərsləri keçəcəkdir.

 

Bunlarla bərabər, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Tar, kamança və kamanlar”, “Zərbi muğamlardan mahnılara”, “Sarı gəlin” konsert proqramları, Bakı Caz Mərkəzində caz musiqisi axşamları, Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” adlı görüş-konsert təşkil olunacaq və “Əsli və Kərəm” operası nümayiş etdiriləcəkdir.

 

Festival iştirakçılarının Dənizkənarı Milli Parkda Novruz bayramı şənliklərinə qatılması da nəzərdə tutulmuşdur.

 

“Muğam aləmi” II Beynəlxalq muğam festivalına martın 21-də Heydər Əliyev Sarayında qala-konsert proqramı ilə yekun vurulacaqdır.