Dünya gənclərinin 4-cü məşğulluq Sammiti

24-26 sentyabr 2008


Sentyabrın 24-də Bakıda, “Gülüstan” sarayında Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya gənclərinin 4-cü məşğulluq Sammiti (YES) işə başlamışdır. Məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılmasına nail olmaqdır.


Keniyanın Nayrobi şəhərində keçirilmiş 3-cü sammitdə Azərbaycan nümayəndə heyətinin təklifi ilə növbəti sammitin Bakıda keçirilməsi qərara alınmış və “YES Azərbaycan-2008” kampaniyasına başlanmışdır.


Yüzdən çox ölkədən 600 nümayəndənin qatıldığı Bakı sammitinin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Misirin birinci xanımı Syuzan Mübarək iştirak edirlər.


Sammiti gənclər və idman naziri Azad Rəhimov açaraq qonaqları salamlamış, tədbirin Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamışdır.


Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin sammit iştirakçılarına təbrik məktubunu oxumuşdur.


Sammit çərçivəsində Azərbaycanın hökumət nümayəndələri tərəfindən ölkəmiz haqqında təqdimatlar olacaq, “Dünya miqyasında sahibkarlıq fəaliyyətinin təbliği”, “Ətraf mühit problemlərinin həllində gənclərin rolu”, “Sahibkarlığın cəmiyyətin inkişafında rolu” və digər mövzularda bölmə iclasları keçiriləcəkdir.


  

002.JPG