“Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans

19-21 aprel 2006


Aprelin 19-da Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans başlanmışdır. Azərbaycanın tarixi və mədəni ənənələrini, tarixi İpək Yolu regionundakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını Heydər Əliyev Fondu ilə birgə keçirir. Konfransa 30-dan artıq latın mənşəli xarici ölkədən görkəmli mədəniyyət və ədəbiyyat xadimləri dəvət olunmuşlar.


Konfrans başlanmazdan əvvəl iştirakçılar Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dünyamiqyaslı siyasi və dövlət xadiminin əziz xatirəsini ehtiramla anaraq, abidəsi önünə tər qərənfillər düzmüşlər.


Daha sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar.


Fondun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından qonaqları salamladı. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsəd və vəzifələri barədə məlumat verdi.


Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurdu. Konfrans iştirakçıları keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş fotoşəkillərə, görkəmli dövlət xadiminin iş otağındakı əşyalara, valideynləri, sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva və övladları ilə çəkdirdiyi fotoşəkillərə xüsusi maraqla tamaşa etdilər.


Sonra Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfransın açılışı oldu.


Konfransı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açdı.


Fond tərəfindən ingilis dilində hazırlanmış "Tolerantlığın ünvanı - Azərbaycan" filmi göstərildi. On beş dəqiqəlik film Azərbaycan xalqının soykökündən, dini inanclarından, ölkəmizdə mövcud olan dinlərin tarixindən və dini konfessiyaların müasir vəziyyətindən bəhs edir.


Sonra Latın Mədəniyyəti Akademiyasının baş katibi KANDİDO MENDES çıxış edərək dedi:


- Əziz dostlar!


Azərbaycanın birinci xanımının çıxışında və peşəkarlıqla çəkilmiş filmdə bizim dəstəklədiyimiz dəyərlər barədə çox müfəssəl məlumat verildi. Azərbaycanın məhz bu yolla qəti addımlarla gələcəyə irəliləməsi bizə aydındır. Müxtəlif dinlər arasında Allahın istədiyi kimi münasibətlərin məhz Azərbaycanda yaradılması bizi sevindirməyə bilməz. Biz böyük bir öhdəliyi yerinə yetirərək, latın mənşəli ölkələrin mesajını sizə çatdırırıq.


Latın Mədəniyyəti Akademiyası siyasətdən tamamilə uzaq olan və mövcud problemləri sırf intellektual, əqli yolla, təhsil yolu ilə həll etməyə çalışan beynəlxalq qurumdur. Latın Amerikası mədəniyyətinin görkəmli xadimlərinin, ən qabaqcıl alimlərin bu gün bu salonda bir yerə toplaşması bizi sevindirməyə bilməz. Professor Jan-Mişel Blanquer dünyada bu problemlərlə məşğul olan ən aparıcı mütəxəssisdir. Konfransda Latın Amerikasının sosiologiya alimləri də iştirak edirlər. Biz Azərbaycanın səylərinə dəstək göstəririk. Bu konfransı Xəzər sahillərində keçirməyimiz də təsadüfi deyildir. Biz digər ölkələrə gəlməklə, öz imkanlarımızı və potensialımızı artırırıq. Azərbaycanın burada toplaşan xadimlərinin rolunu etiraf edərək, ev sahiblərinə, bizə verilən kitablara görə təşəkkürümüzü bildiririk.


Hörmətli sədr, biz əsas və aparıcı ideyaların mübadiləsini aparacağıq. Siz öz çıxışınızla bizə gözəl bir ritm verdiniz. Biz təkcə nəzakət xətrinə danışmayacağıq, adi elmi ritorika aparmayacağıq. Biz fundamental məsələləri qaldırmaq istəyirik. Nə edə biləcəyimizi, dünyada sözümüzü necə deyə biləcəyimizi aydınlaşdırmaq istəyirik. Ətalət ritorikasına uğramış bu dünyada əsas dəyərlər üzərində öz səylərimizi birləşdirməli, sözümüzü geniş auditoriyaya çatdırmalıyıq. Terrorçuluğun tarixi elmi cəhətdən araşdırılmalıdır. Universitetlərin, məktəblərin rolunu necə dərk etməliyik. Biz bilirik ki, dünyada müxtəlif təmayüllər var. Xanım sədr, bizim akademiya mövcud vəziyyəti real yollarla dəyişməyə çalışır. Konfrans da məhz bu istiqamətdə təşkil olunmuşdur. İndiyədək Tehranda, İskəndəriyyədə, İstanbulda, Ankarada konfranslar keçirmişik və nəhayət, Bakıdayıq. Gələn il bu konfrans Omanda təşkil olunacaqdır.


Biz çox az tanınan bir dövlətdə, qədim tarixə malik, Afrika ilə Latın Amerikası arasında yerləşən Haitidə konfrans keçirmişik. Bəzi adamlar elə fikirləşirdilər ki, bu, Allah tərəfindən unudulmuş bir ölkədir. Bu il Ekvadorda konfrans təşkil etmək niyyətindəyik.


Bizim toxunacağımız əsas məsələ nədən ibarətdir? Mən bunların üçünü qeyd etmək istəyirəm. Zənnimcə, bunlar çox vacibdir. Ümumiyyətlə, tarix boyu bütün imperiya konsepsiyaları məhz sərhədyanı dövlətlərin zəbt edilməsindən irəli gələn bir konsepsiya olmuşdur. Amma biz bu konsepsiyaya yenidən yanaşmalıyıq. Sərhəd, imperiyalar və millətlərin formalaşması baxımından biz əsas suallara cavabları arayacağıq. Sizin çıxışınızda gözəl əksini tapan məsələlərdən biri odur ki, Azərbaycanı nadir edən amillər nədən ibarətdir. Siz dünyəvi bir dövlətsiniz və müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşamasına nail olmusunuz. Bu, həqiqətən, təqdirəlayiq nailiyyətdir və Azərbaycanı nadir bir ölkəyə çevirir. Bizim bəzi fikirlərimiz var. Biz Stokholmda konfrans keçirəcəyik. Bu konfransda İslam dünyası mütəfəkkirlərinin dərinliyini iştirakçılara çatdırmalıyıq. Onlar İslam aləminə yeni gözlə, mütəxəssis gözü ilə baxmalıdırlar. Qərbə bu ideyaları aşılamaq üçün, məncə, İsveç, Stokholm ən münasib yerlərdən biridir.


Rasionalizm təkcə Qərbə məxsus olan bir dəyər deyildir. Bu, bizim əsas fikrimizdir. Rasionalizmi davam etdirərək, onu İslam mədəniyyəti ilə zənginləşdirməliyik və bununla hegemonçuluğun qarşısını almalıyıq. Burada rasionalizmin Qərbdən gəlməsindən söhbət getmir. Bütün bunlardan danışarkən sizin müxtəlif millətlərin birgə yaşamasını təmin edən böyük ölkənizi səciyyələndirən məsələlərə qayıdırıq. Böyük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə biləcək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akademiyası slavyanların, türklərin, digər Avrasiya millətlərinin arasında körpü yaratmağa çalışır. Xanım sədr, onu da demək istəyirəm ki, Qafqaz regionunun rolu inkaredilməzdir. Çünki Qafqaz böyük bir arteriyadır, böyük bir yoldur. Avrasiyanın qaynar qanı, döyünən ürəyi, ola bilsin ki, Qafqazdır. Məhz bu baxımdan, sizin gələcəyə ümidlə baxmağınız Azərbaycanın yenilik ölkəsinə çevrilməsinə imkan verir.


Tarixin nə cür, nə məcrada inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim üçün vacibdir. Buna görə qarşınızda baş əyirik və bu gözəl dialoqu məhz sizin ölkənizdə həyata keçirdiyimizə görə təşəkkürümüzü bildiririk.


Belə bir fikrimi bölüşmək istəyirəm ki, qarşıda üçüncü dünya müharibəsi təhlükəsi durur. Tehranla ABŞ arasında gərginliyin artdığını görərkən, bu prosesdə hegemonçuluğun nəyə gətirib çıxardığını anlamalıyıq. Dünya üçün çox dramatik bir vaxtda buraya yığışmışıq. İordaniya şahzadəsi buradadır. O, çox nüfuzlu bir şəxsiyyətdir, insan hüquqları üzrə komissar və kimsəsiz, imkansız, yoxsul insanlara yardım edən bir adamdır. Məhz belə adamları eşitmək lazımdır ki, biz arzuolunmaz vəziyyətlərə düşməyək. Biz sülh ritorikasını, humanizm fikirlərini daha geniş davam etdirmək istəyiriksə, təzadları bilməli, ziddiyyətləri dərk etməli və onlardan çıxış yolları axtarmalıyıq. Bu gün bizimlə olan şahzadə Əl-Həsən bin Talalın dünyanı narahat edən məsələləri daha dərindən dərk edilməsinə yardım göstərəcəyinə ümid bəsləyirik.


İordaniya Haşimilər Krallığının şahzadəsi, Roma Klubunun sədri ƏL-HƏSƏN BİN TALAL çıxışında dedi:


- Əziz bacım, xanım Mehriban Əliyeva! Siz yəqin bilirsiniz ki, mənim anam İstanbulda dünyaya göz açmışdır. Mən ərəb və türk dünyaları arasında bir körpü kimi fəaliyyət göstərən bir şəxsəm. Mən Roma Klubunun birinci asiyalı sədri qismində fəaliyyət göstərirəm və Azərbaycanın böyük dostu İhsan Doğramacı ilə birlikdə Mədəniyyətlər Parlamenti adlandırılan böyük təşkilatı təmsil edirəm. Bu təşkilat Türkiyədə yerləşir və dünyanın ən böyük mütəfəkkirləri sayəsində fəaliyyət göstərir. Elə bir vaxt gəlmişdir ki, biz bir-birimizə qarşı deyil, irqi ayrı-seçkiliyə, bu ağır fəsadlara qarşı mübarizə aparmalıyıq. Biz təzyiqlərə müqavimət göstərməliyik və müəyyən təşəbbüs modelləri irəli sürməliyik ki, mədəniyyətlər arasında dialoq aparmaq mümkün olsun. Dünya sivilizasiyasında minlərlə mədəniyyət mövcuddur. Mən başa düşürəm ki, onlar üçün bir-biri ilə görüşmək və danışmaq çətindir. İsrailin keçmiş Baş naziri Şimon Pereslə danışarkən, o, mənə gileyləndi ki, ətrafımda düşmənlərim yığışmışdır. Mən ona dedim ki, bəli, sizin problemləriniz çoxdur. Ancaq mən dostlarım arasında fəaliyyət göstərirəm. Plüralizm olmadan dialoqu necə aparmaq olar? Sizin milli şairiniz Nizami Gəncəvi məgər deməmişdirmi ki, dünyanın yeddi gözəli var. Bu yeddi gözəli vəsf edən əsər nəinki Azərbaycan ədəbiyyatının şah əsəridir, eyni zamanda, bütün bəşəriyyətə mesajdır ki, biz istəsək də, istəməsək də, bir dünyanın övladlarıyıq. Qarşıdurmaya səcdə etməkdənsə, Şərqlə Qərb arasında müsbət əlaqələrin yaradılmasına çalışmalıyıq. Çox ehtiyac duyduğumuz bu müdrik sözləri Nizami hələ XII əsrdə bizə çatdırıbdır. Bu dünyada çoxlu müdrik adamlar olub, ancaq bununla belə, tarix boyu müdrikliyin çatışmazlığı hiss edilmişdir.


Latın Mədəniyyəti Akademiyası çox gözəl standart, müxtəlif mədəniyyətlər arasında dialoqu həyata keçirə biləcək bir təşkilatdır. Münasibətlərimizi təkcə dialoq üzərində qurmamalıyıq. Burada tərəfdaşlıq olmalıdır. Sufi ənənələrini davam etdirərək, biz bir-birimizi maarifləndirməli, artıq vaxtı çoxdan çatmış təşəbbüslərə qoşulmalıyıq. Mən əminəm ki, Qara dənizlə Xəzər dənizinin arasında yerləşən bu mədəniyyət ocağı, Avropa ilə Asiyanı birləşdirən bu region vasitəsilə tolerantlıq, bir- birimizə hörmət, ehtiram təbliğ edəcəyik. Çox kəskin problemlərin, o cümlədən etnik və dini zəmində çoxlu münaqişələrin olduğu dünyada yaşayırıq. Mən Haşimilərin nümayəndəsi kimi deyil, bir müsəlman kimi çıxış edirəm. Haşimilər Məhəmməd Peyğəmbərdən gələn bir qoldur. Biz özümüzü böyük bir nəslin, İbn Rüştün, İbn Sinanın nümayəndələri kimi təqdim edirik. İbrahim Peyğəmbər bütün müsəlmanların atası ola-ola, eyni zamanda xristianlara, yəhudilərə də atalıq edirdi. Mən Oksfordda İbrahim Peyğəmbərlə bağlı keçirilən tədbirdə, bəlkə də, yeganə müsəlman nümayəndə idim. Biz böyük bir təhlükə qarşısındayıq, ideoloqlar bizi uçuruma aparırlar. İdeoloqlar belə fikirləşirlər ki, yalnız onların dediyi həqiqətdir. Xristian aləmində deyirlər ki, İsa Məsih gəlməlidir və o, xristianlığın düşmənlərini məhv edəcəkdir. Müsəlman aləmi isə gözləyir ki, Məsih İslam dininin düşmənlərini məhv edəcəkdir. Biz özümüzdən soruşmalıyıq ki, bu qarşıdurma üzərində qurulan dünyada uşaqlarımızın gələcəyi necə olacaq? Belə vəziyyətdə biz gələcəyə inana bilərikmi? Özümüzün yaratdığımız problemlərin girovu olmayacayıqmı? Biz öz övladlarımıza hansı irsi qoyuruq? Onlar sivilizasiya çərçivəsində öz müxtəliflik problemlərini həll edə biləcəklərmi? Müxtəlif mədəniyyətlərin nümayəndələri kimi biz mövcud olan bu problemlərə hansı səpkidən yanaşmalıyıq? Sözsüz ki, emosiyalarla deyil, ağılla. Müsəlman əhali özünü daha çox qurban kimi qələmə verməyə meyillidir. Ləyaqətsiz rəftar gələcəkdə partlayışlar törətməklə öz hüquqlarını bərpa etmək səylərinə gətirib çıxarmayacaqmı? Məhz, buna görə maliyyə qurumları, imkanlı qurumlar ilə imkanlardan məhrum olan qüvvələr arasında körpü çəkmək lazımdır. Bunlar sakit deyil, sakitləşdirilmiş əksəriyyətdir ki, bir gün partlayışa gətirib çıxara bilər.


Xanım Əliyeva, Siz qarşıya qoyulan məsələlərin təhsil yolu ilə həllinin tərəfdarısınız. Mənim baldızım Banqladeşdə 20 il müsəlman əhalisini maarifləndirməyə çalışmışdır. Biz vətəndaşlığı Allahdan verilən bir nemət kimi qiymətləndiririk. Əgər biz imkansızlara kömək etməsək, onlar heç vaxt bu proseslərdə iştirak etməyəcəklər. İmkanlardan məhrum olmuş insanlara imkanlar verilməsə, onlar istər-istəməz ekstremist qüvvələrə tuş gələcəklər. Mənim baldızımın dəfn mərasimində müsəlman üləmaları dedilər ki, siz çıxış edə bilərsiniz. Mən dedim ki, biz kişi evində yox, qadın evində yox, Allah evindəyik. Nəyə görə siz Allahın bəndələri olan qadınları məscidə buraxmırsınız? Biz məzlum əksəriyyətin hüquqlarını dəstəkləməliyik. Məcburiyyət qarşısında susmağa məcbur olan kütlə üçün imkanlar yaratmalıyıq. Əgər Helsinki Assambleyası vasitəsilə biz Avropada maneələri aşmağa nail olmuşuqsa, İslam dünyasında da sülh yarada bilərikmi?


Asiyadan ta Atlantik okeanınadək Böyük İpək yolunu çəkə bilərikmi? Mariya Rabirus Riges ötən il Ankarada bizə demişdir ki, qorxudan təhlükəli şey yoxdur. Mənim fransalı həmkarım Domenik Moyzi demişdir ki, Avropa və Qərb ölkələri indi üç qorxu qarşısında yaşayırlar. Mən nə almaya, nə də portağala sitayiş etmirəm, mən nara sitayiş edirəm. Amma biz Qərblə İslamı bir-birinə qarşı tutmamalıyıq. Qərb dünyanın bir tərəfidir. İslam isə bir tərəf deyil, İslam bir mədəniyyətdir. Qərblə İslamı biz necə bir-birinə zidd tuta bilərik. Qədim yunan-Roma mədəniyyətindən qalan irsi Qərb ölkələrinə çatdıran elə müsəlmanlardır, elə ərəb mərkəzləridir.


Qərb üçün üç qorxu - mühacirlər, İslam və Asiyada yaranan yeni sistemlərdir. Mənə elə gəlir ki, mütərəqqi idarəetmə yolu ilə və ictimai dəyərlərə hörmət edərək, biz bu üç qorxunu üç böyük ümidə çevirə bilərik. Bunun nəticəsi başqa cür olar. Bunun əsasında biz mədəniyyətlərin həmrəyliyinə, birləşməsinə lazımi şərait yaradacağıq. Yeni iqtisadi modellər dünyanı, sözsüz ki, daha da zənginləşdirər. Biz yalnız tərəfdaşlıqla inkişaf edə, onun bəhrələrini görə bilərik.


Yaxın Şərqdən danışarkən Mərakeşdən Banqladeşədək, əslində, dünyanın ən böyük əhali sıxlığı olan, yoxsul, ən təhlükəli regionundan söhbət açırıq. Məhz buna görə də mən yüz islam mütəfəkkiri komitəsinin yaradılmasını təklif etmişəm. Həmin komitədə azərbaycanlılar da iştirak etsinlər. Burada qadınlar, kişilər, yaşlılar, gənclər, dövlət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri də olmalıdır. Bakıdakı bu konfransın mesajını geniş auditoriyaya çatdırmaq istəyirəm. Mən intiharçı terrorizm üzərində qurulan demokratiyanın tərəfdarı deyiləm. İstərdim ki, biz kütlələri tamamilə başqa bir səmtə səfərbər edək.


Bir də çoxşaxəliliyə diqqət yetirməliyik. Biz öz regionumuzu ölkələrin bir-birindən asılı olduğu regiona çevirməliyik. Yəni 5-8 nüvə dövlət tərəfindən idarə edilən yox, inteqrasiya olunmuş dünya görmək istəyirik. Biz 10 nüvə dövlətinin komitəsini yaratmaq istəyirik. Biz bilirik ki, hazırda 5 nüvə dövləti var. Bəs Şimali Koreya, Hindistan, Pakistan, İran və İsrail necə olsun? Mənə elə gəlir ki, enerji ehtiyatları ilə zəngin olan bu region nüvə silahından azad bir regiona çevrilməlidir. Mən onun tərəfdarıyam ki, Yer üzü bəşəriyyətə xidmət edən enerji mənbəyinə çevrilməlidir. Yaxın günlərdə mənim Türkiyədə xarici işlər naziri Abdullah Güllə görüşüm olacaqdır. Biz "Asiyanın sədaları" adlı təşəbbüs üzərində işləyirik. Beyrutdan Sinqapuradək 9 komitə vasitəsilə bu təşəbbüsü həyata keçiririk. Ticarət, investisiya, siyasət və sair kimi məsələlər müzakirə olunur.


Maarifləndirməni ön plana çəkməli, dini dözümsüzlüyə yol verməməliyik. Məlumatın azad mübadiləsini təmin edərək, dünyaya, öz müqəddəs kitablarımıza, digər dinlərin müqəddəs kitablarına yeni gözlə baxaraq, bizi ayıran cəhətləri aradan götürməli, bizi birləşdirən cəhətləri ümumiləşdirməliyik.


Sonra çıxış edən YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini JEROM BİNDEN dedi:

 

- Mən YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranın adından sizi salamlayıram və konfransın işinə uğurlar arzulayıram.


Siz bilirsiniz ki, YUNESKO da artıq neçə illərdir ki, bu dialoqlar üçün çalışır. Bu konfransda mədəniyyətlərin yaxınlaşmasından danışacağıq ki, bu da heç vaxt öz aktuallığını itirmir. Texniki sivilizasiyanın monomədəniyyəti haqqında danışacağıq ki, bu da özlüyündə mədəniyyətlərin fərqli olduğunu izah edir. Mənim bəzi fikirlərim sizi təəccübləndirə bilər. Ancaq bəşəriyyət elə həddə çatıb ki, mədəniyyət evlərimizə təkcə xüsusi dəyişikliklər gətirmir. Eyni zamanda, bioloji və texnoloji vasitələrdən istifadə edilməklə, xüsusi dəyişikliklər insanların davranışlarına müəyyən mədəniyyətlər gətirməyə başlamışdır. Bu, təkamül yolu ilə gedən bir faktdır. Bu faktın xüsusi təzahürləri özünü büruzə verir. Ona görə də biz sivilizasiyaların dialoqunun uğurlu olmasını istəyiriksə, monomədəniyyətin və özündən təcrid olunmuş mədəniyyətin bütün təfərrüatlarının araşdırılması üçün xüsusi proqramın tərtib edilməsinə və həyata keçirilməsinə diqqət yetirməliyik. Bu gün monomədəniyyətdən söhbət gedirsə, onun qapılarının artıq bütün dünyaya açılması mümkündür.


Lakin bu sahədə vasitələr hansılar olmuşdur? Hətta, ailə mədəniyyətləri qəliblərinə də müəyyən dəyişikliklər gətirmişdir. İngiltərədə insanların mədəniyyətini və davranışını araşdıran alimlər yeni həyat üslubunun mədəniyyətə təsiri məsələsinə diqqət yetirmişlər. Belə nəticəyə gəlmişlər ki, əfsuslar olsun, bizim bəzilərimiz hesab edə bilər ki, dünyanın müxtəlif guşələrində və fərqli ölkələrdə bu cəhətlər insanın mədəniyyətinə mənfi təsir göstərmişdir. Ona görə də insan başqa mədəniyyətlərə başqa bir tərzdə baxmaq məcburiyyətində qalmışdır. Qırğınlar, soyqırımlar baş vermişdir. Bütün bu bəlaların baş verməsi, insanların məhv edilməsi onların beyninə xoşagəlməyən psixoanalitik dəyişikliklər gətirmişdir. Belə halların araşdırılması üçün YUNESKO-da komissiya yaradılmışdır.


Bir fikir də var ki, vaxt gələcək, mədəniyyətlər insanların nəinki davranışlarında, hətta anatomiyasında, fizionomiyasında da dəyişikliklərə gətirib çıxaracaqdır. Artıq insanların xasiyyətində, genetik quruluşunda müəyyən dəyişikliklər baş vermişdir. Biz özümüzə sual verməliyik ki, bunun hüdudları hansı dərəcəyə qədərdir. Bugünkü bioloji reallıq, klonlaşdırma özlüyündə sübuta yetirir ki, bəşəriyyət təhqirin qarşısını almalıdır.


İnsan sənayenin bugünkü inkişafı çərçivəsində öz davranışını qoruyub saxlaya biləcək, ya yox? Bu dəyişiklik dinlərə normal yanaşmaya təsir göstərəcək, ya yox? Bu təsir müsbət olacaq, ya mənfi?


Mən hesab edirəm ki, bəşəriyyət nəzərə almalıdır ki, böyük sürətlə gedən sənaye dəyişiklikləri, texniki tərəqqi insanın davranışına, mədəniyyətinə hansı şəkildə təsir göstərir? Əgər yaxşıdırsa, onda hansı yanaşmalar əsas götürülməlidir? Bəzi ekspertlərin qeyd etdiyi kimi, söhbət ondan getmir ki, tibb elminin inkişafına biz belə baxmalıyıq ki, o, insanın tərəqqisinə xidmət etməlidir. Bununla bağlı xüsusi layihə də hazırlanmışdır. Biz bioloji etikaya xüsusi əhəmiyyət verəcəyik. Üzv ölkələr tərəfindən bizə müraciətlər edilmiş və bir sıra təkliflər verilmişdir. Hazırlanan sənədlərə hamı tərəfindən riayət edilməlidir. İnsan doğulduğu andan etibarən bir çox mənfi təsirlərə məruz qalır. İnsan özünü belə şəraitdə necə qoruya bilər? Belə yollardan biri təhsilin inkişaf etdirilməsi, insanın müəyyən mədəni çərçivədə qalması imkanıdır.


KANDİDO MENDES: Xanım Mehriban Əliyeva çıxışında nardan danışdı. Nar çox cazibədar bir meyvədir. Doğrudan da, narın dənələrində həyat bəxşetmə imkanları var. Mən xanım sədrə müxtəlif mədəniyyətləri təmsil edən aparıcı alimlərin hamısının adından Latın Mədəniyyəti Akademiyasının rəmzi olan çiçəyin təsvirini təqdim etmək istəyirəm. Siz bu gündən bizim Akademiyamızın fəxri üzvü olacaqsınız.


Mehriban xanım Əliyevaya Akademiyanın fəxri üzvü diplomu və braziliyalı ustalar tərəfindən xüsusi olaraq hazırlanmış hədiyyə təqdim edildi.


MEHRİBAN XANIM ƏLİYEVA: Hörmətli konfrans iştirakçıları, mən bütün iştirakçılara, dəyərli qonaqlarımıza bir daha "Ölkəmizə xoş gəlmisiniz!" demək istəyirəm. Bu günlərdə Azərbaycanla yaxından tanış olmaq üçün Sizə kifayət qədər imkan yaradılacaqdır. Konfransın açılışında çox dərin nitq ilə çıxış edən cənab Mendesə və cənab Jerom Birndenə öz dərin minnətdarlığımı bildirirəm. İnanıram və ümidvaram ki, müasir dünyanın ən mürəkkəb problemlərinə həsr olunmuş bu konfrans səmərəli və uğurlu keçəcəkdir. Çox sağ olun.


Tədbir iştirakçıları Heydər Əliyev Fondunun təşəbbüsü və layihələri əsasında hazırlanmış və çapdan buraxılmış müxtəlif dillərdə dərsliklərdən, xarici dillərdən tərcümə edilmiş bədii və elmi-kütləvi ədəbiyyat nümunələrindən, musiqi albom disklərindən ibarət sərgiyə baxdılar.


Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dini qurumların rəhbərləri, elm və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin respublikamızdakı səfirləri iştirak edirdi. 



001.jpg002.jpg003.jpg