“YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda konfrans

24-25 avqust 2005


Avqustun 24-də "Gülüstan" sarayında "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfrans keçirilmişdir.


Konfransı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva açdı.


Sonra çıxış edən təhsil naziri MİSİR MƏRDANOV xatırlatdı ki, bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə Təhsil Nazirliyinin YUNESKO ilə birgə keçirdiyi ikinci konfransdır. İlk tədbir Parisdə olmuşdur. YUNESKO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə tədbirlər ilk dəfə məhz Azərbaycanla bağlı keçirilir.


Nazir dedi ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində təhsil sahəsində də ciddi irəliləyişə nail olunmuş, xüsusilə beynəlxalq əlaqələrimiz xeyli genişlənmişdir. Hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3500-dək tələbə təhsil alır. Dünyanın aparıcı universitetlərində Azərbaycanın orta məktəblərini bitirmiş 3000-dən artıq gənc ölkəmiz üçün zəruri ixtisaslara yiyələnir. Təhsil Nazirliyi dünyanın 30-dək ölkəsi ilə əlaqələr yaratmışdır, 20-dən artıq beynəlxalq təşkilatla 60-dan çox birgə layihə və proqramlar həyata keçirir.


Beynəlxalq əlaqələrdə YUNESKO ilə əməkdaşlığı xüsusi vurğulayan nazir bu sahədə əməkdaşlığın 5 istiqamətini sadaladı, habelə Avropa ali təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlərdən danışdı, o cümlədən bu ilin mayında Azərbaycanın Boloniya prosesinə qoşulduğunu bildirdi.


Azərbaycan təhsilinin inkişafına mənfi təsir göstərən səbəblərdən danışan M.Mərdanov Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrini xüsusi vurğuladı. Bildirdi ki, bu təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ümumilikdə 1000-ə yaxın təhsil müəssisəsi dağıdılmış, 115 min şagird, 16 minə yaxın müəllim məcburi köçkün düşmüşdür. Dünya praktikasında Azərbaycan yeganə ölkədir ki, böyük çətinliklərə baxmayaraq, işğal edilmiş ərazilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və zəruri şərait yaratmaq mümkün olmasa da, ölkənin müxtəlif bölgələrində həmin məktəblərin fəaliyyətini və köçkün uşaqların təhsilini təşkil etmişdir.


Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın həyata keçirilməsindən söhbət açan nazir dedi ki, hazırda proqramın III mərhələsində nəzərdə tutulan tədbirlər reallaşdırılır. 2002-ci ildən başlayaraq təhsilin ən ciddi problemləri ilə bağlı inkişaf proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinə üstünlük verilir. Hazırda təhsil sisteminin müxtəlif sahələri üzrə ümumilikdə 15 proqram mövcuddur. Onlardan 6-sı həyata keçirilir, 3-ü təsdiq, 6-sı hazırlanma mərhələsindədir.


1998-2005-ci illərdə 50219 yerlik 201 yeni məktəb binası tikilmişdir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmişdir. Heydər Əliyev Fondu kənd rayonlarında yerləşən və qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə xüsusi proqram hazırlamışdır və bu istiqamətdə intensiv iş gedir.


Son üç ildə ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri dərsliklərlə pulsuz təmin edilmişdir. Bununla da postsovet məkanında, Azərbaycan, şagirdlərin dərsliklərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə olmuşdur.


İslahat çərçivəsində ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi sahəsində eksperimentlərə başlanmışdır. 59 pilot məktəbinə maliyyə müstəqilliyi verilmişdir, adambaşına maliyyələşdirmə mexanizmi sınaqdan keçirilir. Eksperimentin nəticələrinə əsasən, bu yeniliyin təhsilin keyfiyyətinin yüksəldilməsinə real təsiri yoxlanılacaq, müsbət nəticələr əldə olunarsa, ikinci mərhələdə bu təcrübənin coğrafiyası genişlənəcək, üçüncü mərhələdə isə maliyyə islahatı bütün ölkəni əhatə edəcəkdir.


Nazir çıxışının sonunda əmin olduğunu vurğuladı ki, YUNESKO ilə imzalanacaq Memorandum təhsil sahəsində Azərbaycan-YUNESKO əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaqdır. Memoranduma əsasən Təhsil Nazirliyi və YUNESKO-nun birgə komissiyası yaradılacaq və o, prioritet istiqamətlər üzrə səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə məşğul olacaqdır.


BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi MARKO BORSOTTİ çıxışında vurğuladı ki, təhsillə yoxsulluğun azaldılması arasında aşkar əlaqə vardır. Çünki təhsil səviyyəsi artdıqca, işsizlik azalır. Azərbaycanın istər elmdə, istərsə də təhsildə çox gözəl və müsbət tarixi ənənələri vardır. Məsələn, Dövlət Neft Akademiyası və Bakı Dövlət Universiteti dünya miqyasında şöhrət qazanmış tədris ocaqlarıdır. Azərbaycan cəmiyyətində həmişə təhsilə çox böyük diqqət yetirilmiş, burada çox böyük mədəni mühit yaradılmışdır.


Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir ölkədir.


Cənab Prezident tərəfindən təhsil komissiyasının yaradılması, sözsüz ki, gələcəkdə bu sahədə işlərin aparılması üçün çox gözəl zəmin yaradır. Təhsilin keyfiyyətinin artırılması ciddi məsələdir. Azərbaycanın say göstəriciləri çox gözəldir. Lakin indi keyfiyyətə fikir verilməlidir. Bu baxımdan idarəetmənin yaxşılaşdırılması əsas prinsiplərdən biridir. Təhsil sistemində idarəetməyə diqqət yetirilməsi və bu sistemin daha səmərəli, daha yüksək nəticələrə yönəldilməsi, zənnimcə, böyük önəm kəsb edir.


İqtisadi sistemin tələblərinə uyğun olaraq təhsil sisteminin yenidən qurulması məsələsi çox vacibdir. Bu müxtəlif amillərin iqtisadi tələblərə uyğun olaraq nəzərə alınması ölkənin xeyrinə olacaqdır. Azərbaycan üçün bəzi məsələlər birinci dərəcəli məqsəd deyildir. Məsələn, ibtidai məktəblərə uşaqların az gəlməsi Azərbaycan üçün elə bir problem deyildir. Lakin bununla belə təhsil sahəsində problemlər mövcuddur. Ancaq orta məktəblərin şagirdlərinin sayında qızların səviyyəsinin saxlanması çox vacibdir. Çünki açıq etiraf etməliyəm ki, ölkənin bəzi rayonlarında qızların məktəblərdən tez çıxarılması özünü büruzə verir.


Eyni zamanda, tədris proqramlarının təkmilləşdirilməsi mühüm məsələlərdəndir. Bu, qlobal iqtisadiyyata inteqrasiyanın çox vacib amillərindən biridir. Bundan əlavə, informasiya texnologiyalarının təhsilin bütün sahələrində, bütün mərhələlərdə tətbiq edilməsi ölkənin və iqtisadiyyatın gələcək ehtiyaclarını ödəmək üçün çox vacibdir. Universitetlərlə tədqiqat mərkəzləri arasında əməkdaşlıq yeni təkan almalıdır. Azərbaycandan xaricə göndərilən tələbələrin sayını artırmaq lazımdır. Bu da ölkənin gələcək inkişafına müsbət təsir göstərər.


Gözəl ənənələrə malik ölkə kimi Azərbaycanın gələcəkdə öz təhsil və mədəni səviyyəsini daha da artırması üçün bütün imkanlara malik olduğunu vurğulayan cənab Borsotti dedi ki, bu, gələcəyə nikbin baxmağa imkan verir. Bununla yanaşı, digər ölkələrin də bu sahədə təcrübəsinə diqqət yetirilməlidir. Çünki təhsil gələcək nəsillərin yaradılmasına yönəldilmiş əsas sahədir.


Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri ƏLİ HƏSƏNOV çıxışında YUNESKO-nun baş direktorunun bir sıra xoşməramlı səfirlərlə birlikdə Azərbaycana səfərini Azərbaycan xalqına və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya səmimi münasibətin təzahürü kimi qiymətləndirdi.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı nəticələrini xatırladan Əli Həsənov dedi ki, hazırda dünyada olan 19 milyon nəfərdən çox qaçqın-köçkünün 5 faizi Azərbaycanın payına düşür. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə vurduğu ziyan təxminən 60 milyard ABŞ dolları həcmində hesablanır. Təhsil sahəsinə çox ciddi zərbə dəymişdir. 1000-dən çox təhsil müəssisəsi işğal zonasında qalmış və dağıdılmışdır. Bu gün əraziləri işğal olunmuş rayonlar üzrə 687 məktəb, 61 məktəbəqədər və 31 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Həmin tədris ocaqlarında 93 min şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 17 min müəllim məşğul olur. Bu məktəblərdə təhsil alan şagirdlərin hamısı pulsuz dərsliklərlə təmin olunur. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə 3200 şagird yerlik 18 orta məktəb, 600 yerlik 18 uşaq bağçası tikilib istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən məcburi köçkün ailələri üçün hazırda yeni salınan 13 qəsəbədə 2 min şagird yerlik 15 məktəb, 175 yerlik 5 uşaq bağçası tikilir.


Məcburi köçkün məktəblərinin maddi-texniki bazalarının yaxşılaşdırılmasında ABŞ-ın, Yaponiyanın Azərbaycandakı səfirlikləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, YUNİSEF-in, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, digər beynəlxalq humanitar təşkilatların Azərbaycandakı nümayəndəlikləri də yaxından iştirak edirlər.


Natiq dedi ki, bütün bunlarla yanaşı, əraziləri işğal olunmuş rayonların ümumtəhsil məktəblərində çox ciddi problemlər də mövcuddur. Onların böyük əksəriyyəti yerli məktəblərin nəzdində, eləcə də tədris üçün yararlı olmayan binalarda dözülməz şəraitdə fəaliyyət göstərir, maddi-texniki bazası xeyli aşağıdır, məktəb avadanlığı, sinif otaqları çatışmır.


YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqın və məcburi köçkün uşaqların təhsil problemləri ilə əlaqədar məruzə hazırlamaq məqsədi ilə 2005-ci ilin mayında ölkəmizdə səfərdə olan YUNESKO-nun nümayəndələri də Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkün məktəblərinin fəaliyyəti ilə tanışlıq zamanı bütün bu problemlərin canlı şahidi oldular.


Lakin şəraitin dözülməzliyinə baxmayaraq, məcburi köçkün şagirdlərin təhsilə həvəsi yüksək olaraq qalır. Məhz bunun nəticəsidir ki, məcburi köçkün məktəblərinin məzunları arasında ali və orta ixtisas təhsili ocaqlarına qəbul olunanların sayı digər məktəblərlə müqayisədə heç də aşağı səviyyədə deyildir. Təkcə keçən ildə 4 min nəfərdən çox qaçqın və məcburi köçkün uşağı ali məktəbə daxil olmuşdur. İlkin hesablamalara görə, bu il onların sayı 5 min nəfərdən çoxdur. Bizim düçar olduğumuz problemin dünyada analoqu olmadığı kimi, müasir tələblərə cavab verməyən məktəblərdə təhsil alan qaçqın və məcburi köçkün uşaqlarının təhsildə yüksək göstəricilər əldə etməsinin də, yəqin ki, dünyada analoqu yoxdur. Bunun özü Azərbaycan gənclərinin təhsilə olan marağına əyani sübutdur.


Natiq daha sonra dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxtdan qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Bu gün keçirilən konfrans da bunun konkret ifadəsidir. Bu diqqət və qayğıya görə, məcburi köçkünlər adından Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyirik. Azərbaycanda təhsilin problemlərinə diqqət yetirdiyinə görə YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya bir daha təşəkkür edir və ümidvar olduğumu bildirirəm ki, ölkəmizdəki qaçqın və məcburi köçkün uşaqların təhsil problemlərinin həllində bügünkü tədbir əhəmiyyətli rol oynayacaq və YUNESKO da bu mühüm işdə bizə daim yardımçı olacaqdır.


Sonra cənab Koişiro Matsuura və nazir Misir Mərdanov YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzaladılar.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA konfransın geniş iclasına yekun vurdu:


- Bu gün biz Azərbaycan təhsilinin problemlərini birlikdə müzakirə edərək fikir birliyi nümayiş etdirdik. Mən inanıram ki, bu fikir birliyi bizə gələcəkdə bütün problemlərin həllində yardım edəcək, ümumi işimizdə böyük rol oynayacaqdır.


Konfrans iştirakçıları latın qrafikası ilə nəşr edilmiş kitabların sərgisinə baxdılar. Tədbir iştirakçılarına hədiyyə olaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun vəsaiti ilə YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycan dilində çapdan çıxmış "Quruculuq salnaməsi" kitabı paylandı. Sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər. Qonaqlar "Gülüstan" sarayından Bakının mənzərəsini seyr etdilər.


Fasilədən sonra konfrans öz işini Bakı Dövlət Universitetində və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bölmə iclaslarında davam etdirdi, müxtəlif mövzularda dinlənilən məruzələr ətrafında müzakirələr aparıldı.



Say.jpgSay1.jpg