Strasburqda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans

14 fevral 2014


Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə fevralın 14-də Strasburqun Reyn sarayında Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransı açan Strasburq Milli və Universitet Kitabxanasının administratoru Rober Puaro Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfə verdiyini bildirib. Nizami Gəncəvini dünyanın söz ustadlarının ilham mənbəyi kimi təqdim edən Puaro şairin Qərbi Avropada da yüksək dəyərləndirildiyini vurğulayıb.

 

Şairin yaradıcılığından danışan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Nizami Gəncəvinin ədəbiyyatla yanaşı, elm və humanizm sahələrində də böyük irs qoyub getdiyini bildirib. Diplomat şairin ədəbi və fəlsəfi fikirlər məcmusu olan “Xəmsə” əsərində 5 poemanın yer aldığını xatırladıb. O bildirib ki, Nizami Gəncəvinin əsərləri, dərin humanist ideyaları dünyanın, o cümlədən Avropanın və xüsusilə Fransanın ədəbi, fəlsəfi fikirləri üçün bir mənbədir.

 

Səfir Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncam imzaladığını, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şairin əsərlərinin bir çox dillərə tərcümə olunaraq nəşr edildiyini xatırladıb.

 

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim isə “Nizami Gəncəvi bütün zamanların və bütün məkanların şairi” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Tədbirdə Strasburq Milli və Universitet Kitabxanasının əlyazmalar və mədəni irs bölməsinin rəhbəri Frederik Blenin “Nizami Strasburqda”, Prinston Universitetinin Yaxın Şərq Araşdırmalar Departamentinin professoru Mikael Barrinin “Nizami Gəncəvi - könül şairi”, Dillər və Sivilizasiyalar Kitabxanasının elmi direktoru Fransis Rixardın “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmasının orijinallığı”, Berlinin Humbolt Universitetinin professoru Eva-Maria Auxun “Höte və Nizaminin şərqşünaslığı”, Neapol Şərqşünaslıq Universitetinin professoru Mişel Bernardinin “Psixoloji terapiya qismində olan hekayə: Yeddi gözəl” adlı məruzələri də dinlənilib.

 

Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional direktoru Alen Hauss Nizami Gəncəvi ilə bağlı sərginin Strasburqda təşkil olunmasının onlar üçün böyük şərəf olduğunu, şairin əsərlərinin bütün dünyada öyrənildiyini və tanınmış alimlərin iştirak etdiyi bu konfransın buna bariz nümunə olduğunu bildirib.

 

Konfransda Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Emin Eyyubov, Amerikadan, İtaliyadan, Almaniyadan və digər ölkələrdən gəlmiş şərqşünaslar və Strasburq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgi ilə də tanış olublar. Onlara şairin Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə çap olunmuş əsərlərinin nüsxələri paylanılıb.


_AA19289.jpg_AA19295.jpg_AA19302.jpg_AA19313.jpg_AA19321.jpg_AA19325.jpg_AA19329.jpg_DSC5890.jpg_DSC5904.jpg_DSC5912.jpg_DSC5916.jpg_DSC5947.jpg_DSC5955.jpg