Buxarestdə “Qara Yanvar - Azərbaycanı müstəqilliyə aparan yol” adlı konfrans

20 yanvar 2015


20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Buxarestdəki Rumın-Amerikan Universitetində “Qara Yanvar - Azərbaycanı müstəqilliyə aparan yol” adlı konfrans keçirilib.

 

Universitetin rektoru Ovidiu Folkuts Rumıniya xalqının hər zaman Azərbaycan xalqına dəstək olduğunu, universitetin bu cür tədbirləri keçirməkdən şərəf duyduğunu bildirib.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqda məlumat verib, ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə açıq etiraz etdiyini xatırladıb.

 

Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə aid qısa filmə baxıblar.

 

Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da tədbir iştirakçılarına 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələrdən danışıb, həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

 

Tədbirdə Rumıniyanın ATƏT-dəki sabiq səfiri Paraskiva Badesku, Dimitrie Kantemir Universitetinin professoru Konstantin Hlihor və “Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu da çıxış edib, SSRİ-nin dağılması tarixindən danışıblar. Onlar bir çox ölkələrdə, o cümlədən Azərbaycanda insanların SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etmək istəyinin böyük faciələrlə nəticələndiyini xatırladıblar. Çıxış edənlər müstəqilliyini bərpa edən Azərbaycanın bütün çətinlikləri arxada qoyaraq sürətlə inkişaf etdiyini bildiriblər.

 

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib.