2 mart 2006

Bakıda "Fərqli mədəniyyətlərin qovuşuğu - Azərbaycan" sərgisi açılıb

Martın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun, Çağ Öyrətim İşlətmələri Şirkətinin, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkil etdiyi "Fərqli mədəniyyətlərin qovuşuğu - Azərbaycan" adlı sərginin açılış mərasimi olmuşdur.


Əvvəlcə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına təbrik məktubunu oxudu.


Məktubda deyilir:


"Fərqli mədəniyyətlərin qovuşuğu - Azərbaycan" adlı sərginin təşkilatçılarını və bütün iştirakçılarını salamlayıram!


Azərbaycan paytaxtında bu məramla keçirilən sərginin əhəmiyyətini yüksək dəyərləndirir və belə bir tədbirin məhz ölkəmizdə keçirilməsini təbii hesab edirəm. Coğrafi baxımdan dünyanın maraqlı nöqtələrindən birində - Qərblə Şərqin qovuşuğunda yerləşən ölkəmiz hələ qədim zamanlardan karvan yollarının keçdiyi və müxtəlif dünyagörüşlərinin, dinlərin, mədəniyyətlərin qarşılaşdığı bir region kimi səciyyələnib. Yerli əhali kimi azərbaycanlıların qonaqpərvərliyi, başqa xalqlara və dinlərə münasibəti neçə yüzillər bundan öncə bu diyarda tolerant bir cəmiyyət formalaşdırıb.


Bu gün inamla demək olar ki, müasir dünyaya inteqrasiya edən çağdaş Azərbaycan Şərqlə Qərb, Avropa və Asiya mədəniyyətlərini uğurla birləşdirən, fərqli dünyabaxışlarını spesifik şəkildə sintez edən, onların inkişafına yol açan, ən başlıcası, onlara eyni dərəcədə hörmətlə yanaşan bir ölkə olaraq qalır və biz bundan qürur duyuruq.


"Fərqli mədəniyyətlərin qovuşuğu - Azərbaycan" sərgisinin təşkil olunmasından əsas məqsəd bugünkü Azərbaycanın əsrlərdən gələn ənənələrə sadiqliyini nümayiş etdirmək, xalqımızın bəşəri dəyərlərə, o cümlədən başqa xalqların mədəniyyətinə hörmət və ehtiramını bir daha təsdiq etməkdir.


Bu gün tamaşaçısı olduğumuz "Fərqli mədəniyyətlərin qovuşuğu - Azərbaycan" sərgisinin hazırlanmasında gənc nəslin fəal iştirakı sevindirici haldır. Çünki Heydər Əliyev Fondu olaraq biz uşaq evləri və internat məktəblərində, digər təhsil müəssisələrində həyata keçirdiyimiz bütün layihələrdə böyüyən nəslin hərtərəfli inkişafına xüsusi diqqət yetirir, onun humanizmə əsaslanan milli dəyərlərimizə, eləcə də başqa xalqlara, fərqli mədəniyyətlərə bələdçilik ruhunda böyüməsinə çalışırıq.


"Fərqli mədəniyyətlərin qovuşuğu - Azərbaycan" layihəsini həm də ona görə uğurlu saymaq olar ki, bu kimi tədbirlər gənc nəslin dünyagörüşünün genişlənməsinə, fərqli mədəniyyətlər barədə bilgilərinin artmasına kömək etməklə yanaşı, xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirməyə, müharibələrsiz, abad və gözəl bir dünyaya sahib olmağa ruhlandırır".


Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, təhsil naziri Misir Mərdanov, Çağ Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Adəm Özərən qloballaşan dünyada Azərbaycanın yeri və rolu, ən qədim dövrlərdən başlayaraq xalqımızın bəşər mədəniyyətinin tərəqqisinə verdiyi töhfələr, ölkəmizin Avrasiya regionunda mühüm mövqeyi barədə danışdılar. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan özəl Azərbaycan-türk liseylərinin böyük uğurlar qazandığını, müasir dövrdə Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bildirdilər. Ölkəmizdə ardıcıl olaraq həyata keçirdiyi çoxsəpkili layihələrlə, Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılması sahəsində gördüyü səmərəli işlərlə, xeyriyyəçilik fəaliyyəti ilə xalqımızın böyük hörmətini qazanmış Heydər Əliyev Fondunun himayəsi ilə keçirilən bu tədbirin əhəmiyyətini xüsusi vurğuladılar.


Respublikamızdakı özəl Azərbaycan-türk liseylərinin şagirdləri musiqili-ədəbi kompozisiya göstərdilər. Azərbaycanda diplomatik nümayəndəliyi olan 27 ölkənin milli geyimləri ilə səhnəyə çıxan məktəblilər "dünya hamımızın ümumi evimizdir, burada hamıya, bütün xalqlara, millətlərə yer vardır, dünyamızı daha da gözəlləşdirmək, həyatımızı daha maraqlı, mənalı etmək üçün bir-birimizə əl verib mehribanlıq, şəfqət, mərhəmət, sülh şəraitində yaşamağımız yetər" məzmunlu düşüncələrini mahnı, rəqs və səhnəciklərlə ifadə etdilər.


Sonra sərginin açılışını bildirən qırmızı lent kəsildi. Respublika hökumətinin nümayəndələri, Milli Məclisin deputatları, elm, təhsil, mədəniyyət işçiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri hər bir ölkənin tarixini, coğrafiyasını, etnoqrafiyasını, milli mədəniyyətini əks etdirən sərgilərə baxdılar.


Sərginin öz zənginliyi ilə seçilən Azərbaycan bölməsində tamaşaçıları qarşıdan gələn Novruz bayramının personajları - Keçəl, Kosa, Bahar qız milli rəqs və səhnəciklərlə qarşıladılar.