TADBIR-MIM-STATOIL-20 ILLIK YUBILEY (1).JPG
11 oktyabr 2012

Müasir İncəsənət Muzeyində “Üz-üzə” adlı sərgi açılıb

Oktyabrın 11-də Müasir İncəsənət Muzeyində (MİM) Heydər Əliyev Fondunun, MİM-in, “Statoil” şirkətinin birgə layihəsi çərçivəsində “Statoil”un Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə onun incəsənət kolleksiyasından olan müasir əsərlərdən ibarət “Üz-üzə” (“Face to Face”) adlı portret sərgisi açılmışdır.


“Statoil”un Azərbaycan ofisinin prezidenti Lars Troen Sörensen Bakıda şirkətin fəaliyyətinin 20 illik yubileyinin keçirilməsindən şərəf duyduğunu və bu münasibətlə Müasir İncəsənət Muzeyində sərginin açılmasından məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, enerji şirkəti olan “Statoil” incəsənətin də enerji olduğuna inanır. Bu, bizim başlıca biznesimizdən - neft və qazdan fərqli enerjidir. Sənət enerjisi insanlara ilham verir. Beynəlxalq ünsiyyət vasitəsi olan təsviri sənət vizual obrazlar vasitəsilə milliyyətindən, mədəniyyətindən və mənşəyindən asılı olmayaraq, bütün insanlara bir-birini anlamaqda kömək edir.


“Statoil”un Azərbaycan ofisinin prezidenti sərginin açılışında iştirak edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya və digər iştirakçılara təşəkkürünü bildirmişdir.


“Statoil” şirkətinin icraçı vitse-prezidenti Lars Kristian Baker sərginin açılışında iştirak etdiyindən şərəf duyduğunu söyləmişdir. Bildirmişdir ki, Azərbaycan neftin hasilatı və işlənməsi sahəsində dünyanın öncül ölkələrindən biridir. Biz Azərbaycanda qarşımıza uzunmüddətli vəzifələr qoyaraq fəaliyyət göstəririk.


“Statoil”un Azərbaycandakı fəaliyyətinin yüksək səviyyədə davam etdiyini deyən Lars Kristian Baker Bakıya səfərinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, belə səfərlər zamanı ölkənin tarixi və insanları ilə daha yaxından tanış olmaq imkanı yaranır.


Qonaq sərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir.


Sərginin kuratoru Bjarne Voqa Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək şirkətin incəsənət proqramı haqqında məlumat vermişdir. Bildirmişdir ki, şirkətin incəsənətə bağlılığı iş mühitini daha da yaxşılaşdırmağa, “Statoil” brendi və mədəniyyəti yaratmağa, qurumun fəaliyyət göstərdiyi cəmiyyətlərin mədəni inkişafına töhfə verməkdə yardım edir.


Məlumat verilmişdir ki, son 25 ildə “Statoil”un incəsənət kolleksiyasında 1000-dən artıq müasir əsər toplanmışdır.


Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə 10 müxtəlif ölkəni təmsil edən 16 fotoqraf, heykəltəraş və rəssamın 63 əsəri nümayiş etdirilir.


Sərgi noyabrın 11-dək davam edəcəkdir.


FOTO

VİDEO