DSC_5188.jpg
4 fevral 2013

Moskvada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb

Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi açılış mərasimində Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.


İndiyədək Londonda, Berlində və Parisdə nümayiş etdirilən sərginin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamı olduğu qeyd edilib. Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanıb. Fevralın 24-dək davam edəcək sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb.


“Multimedia Art Muzey”in direktoru Olqa Sviblova tədbirin əhəmiyyətini vurğuladı, belə bir sərginin Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisə olduğunu bildirdi.


O.Sviblova sərginin təşkilinə dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür etdi, Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənətinin və mədəniyyətinin hərtərəfli təbliğindəki rolunu vurğuladı.


Leyla Əliyeva tədbirdə çıxış etdi.


X  X  X


Sərginin kuratoru Erve Mikaeloff çıxışında ekspozisiyanın zənginliyi, nümayiş etdirilən əsərlərin orijinallığı ilə fərqləndiyini diqqətə çatdırdı. O bildirdi ki, bu cür tədbirlər qədim köklərə malik Azərbaycan incəsənətinin dünyada tanınmasına xidmət edir: “Əminəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbirlər sayəsində Azərbaycan incəsənəti dünyada tanınmış brend olacaq”. 


Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, “Kəpənək”, “Bizim keçmişimiz”, “Biri var idi, biri yox idi”, “Məhəbbət”, “Yalan”, “Tənhalıq” və digər əsərləri sərgiyə gələnlərin xüsusi marağına səbəb oldu.


Tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri də tamaşaçıların diqqətini çəkib.


Sərgi ilə tanış olan Rusiyanın Xalq Artisti Gennadi Xazanov deyir: “Heydər Əliyev Fondu ölkələrimiz arasında mədəni körpünün daha da möhkəmlənməsində xüsusi rol oynayır. Ümumiyyətlə, Heydər Əliyevin adı ilə bağlı hər bir hadisə mənim üçün çox əhəmiyyətlidir. Bu dahi insanın mənim həyatımda xüsusi yeri vardır. Düşünürəm ki, “Bakıya uçuş” sərgisi Azərbaycan mədəniyyətinin dünyada tanınması istiqamətində əhəmiyyətli addımdır”.


Kinorejissor Yeqor Qonçalovski sərgi barədə təəssüratını belə ifadə etdi: “Məhz bu gün biz “Bakı, mən səni sevirəm” filmi üzərində işi başa çatdırdıq. Əlbəttə, biz bu filmi Heydər Əliyev Fondunun dəstəyi, himayəsi və köməyi olmadan çəkə bilməzdik. Bakı sadəcə şəhər deyildir, Bakı sivilizasiyadır. Mən bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, vitse-prezident Leyla xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bakıda Azərbaycan rəssamlarının bir neçə əsərini almışam. Mənim kolleksiyamda Azərbaycanın 8 rəssamının əsəri vardır”.


Rusiya Kinematoqrafiya Akademiyasının bədii rəhbəri Yuli Qusman da təəssüratlarını bölüşərək dedi: “Mən çox xoşbəxtəm ki, bu, həqiqətən nəhəng sərgi Moskvada nümayiş etdirilir. Leyla xanım həm də gözəl rəssamdır. Onun baş redaktoru olduğu “Baku” jurnalı bütün dünyada sevilir. “Bakıya uçuş” sərgisi isə Moskvanın mədəni həyatında əlamətdar hadisədir”.


“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova deyir: “Mən burada sərgilənən rəsmlərimdə uşaqlıq xatirələrimi canlandırmağa çalışmışam. Abşeron mənzərələrini, Xəzər sahillərini əks etdirməkdən zövq alıram. Çəkdiyim işlərdə keçmişlə bu günü və gələcəyi birləşdirən məqamları tapıb göstərməyə çalışmışam”.


Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun rəssamların əsərlərindən hazırladığı açıqcalar və kitabçalar paylanılıb.


X  X  X


Sərgidən sonra “Baku” jurnalının 5 illik yubileyi ilə əlaqədar ziyafət təşkil olunub. Ziyafətdə “Baku” jurnalına həsr olunmuş film və moda sərgisi nümayiş etdirilib.


FOTO

VİDEO

Paylaş: