07.JPG
10 may 2022

Məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar.

 

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.

 

Qeyd edək ki, 1846-cı ildə Şuşada anadan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

 

XXX 


Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi barədə də məlumat verildi.

 

Bildirildi ki, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.


FOTO

VİDEO