1.jpg
14 iyul 2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb.

 

Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur.

 

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisi olub.

 

Sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib. Günün ikinci yarısında tədbirin rəsmi açılış olacaq və konsert-tamaşa təqdim ediləcək.

 

Vaqif Poeziya Günləri iyulun 15-də başa çatacaq.

 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.


FOTO