008.JPG
19 sentyabr 2012

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər

Sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırdı.


Dövlətimizin başçısı və xanımı mərkəzdə yaradılan şəraitlə tanış oldular.


Məlumat verildi ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaqdır.


Diqqətə çatdırıldı ki, mərkəzin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaqdır.


Mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb, otaqlar lazımi avadanlıqla təmin olunub. Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar –arxeoloji tapıntılar, qədim pullar, silahlar, misgərlik məmulatları təqdim olunur.


Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi mərkəzdə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təcəssüm tapmışdır. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.


Bildirildi ki, Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir.


Məlumat verildi ki, mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir.


Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunub. Bundan başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları öyrədiləcəkdir.


Prezident İlham Əliyev mərkəzin yuxarı mərtəbəsindən Parisin mənzərəsini seyr etdi.


Dövlətimizin başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.


Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO