01_prezident-shamaxi-safar_shamaxi_yaradiciliq.gif
16 may 2013

Prezident İlham Əliyev Şamaxıda Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.


Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.


Məlumat verildi ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılıb. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşmüş və sökülmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib.


Dövlət başçısı Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş fotoguşəyə baxdı. Burada “Azərbaycan keçmiş əsrlərdə və bu gün“ mövzusunda təqdim olunan sərgi-kompozisiyada qədim və müasir memarlıq nümunələri, həmçinin milli mədəniyyət və məişət ənənələri nümayiş etdirilir.


Şamaxı Uşaq Yaradıcılıq Mərkəzində tanınmış mədəniyyət xadimlərimizə həsr olunan guşə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlarla zəngindir. Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülüb, xeyli ağac və gül kolları əkilib, bütün zəruri infrastruktur yaradılıb.


Qeyd olundu ki, Mərkəzdə ümumilikdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılıb. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaq. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilib. Binada müasir elektrik və istilik sistemləri quraşdırılıb. Mərkəzin akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.


Prezident İlham Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üverturanı dinlədi.


Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO