022.gif
17 may 2013

Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin açılışında iştirak edib

Mayın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

 

Mərasimə Qafqaz müsəlmanları müftiləri, islam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri qatılıblar.

 

Prezident İlham Əliyev qonaqlarla görüşdü.

 

Cümə məscidi ilə yaxından tanış olan dövlət başçısına burada aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verildi.

 

Bildirildi ki, Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlib, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olublar.

 

Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum diqqət yetirilib. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilib.

Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Orta salon milli memarlıq üslubunda yenidən qurulub və burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər.

 

Məscidin həyətində əsaslı abadlıq işi görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilib. Prezident Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxdı.

 

Şamaxı Cümə məscidinin açılışına həsr olunan mərasim Quran ayəsinin oxunması ilə başladı.

 

Dövlət başçısı mərasimdə çıxış etdi.

 

Açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzayev, rayon ağsaqqalı Məcid Şikərov çıxışlar etdilər.

 

Daha sonra Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin açılış mərasimində iştirak edən qonaqlarla çay süfrəsi arxasında söhbət etdi.

 

Açılış mərasimindən sonar bayram namazı qılındı.

 

Sonda Şamaxı Cümə məscidinin mərasim salonunda ehsan verildi.

 

X X X

 

Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb.

 

1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.


FOTO

VİDEO