1.1.jpg
5 may 2018

“Bakı Marafonu-2018”də qeydiyyat mayın 12-dək uzadıldı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək “Bakı Marafonu-2018”də qeydiyyat prosesi uzadılıb.

 

Marafonda iştirak etmək istəyən 16 yaşdan yuxarı hər bir şəxs mayın 12-i saat 14:00-dək qeydiyyat məntəqələrinə və marafonun rəsmi saytına (www.baku.marathon.az) müraciət edə bilər.

 

Qeydiyyat məntəqələrinin ünvanı:

 

•  “28 Mall”

•  “Gənclik Mall”

•  “Port Baku Mall”

 

Qeydiyyat zamanı iştirakçı formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

 

•  Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir.

 

•  Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.

 

•  Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etmir.

 

“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

 

Mayın 13-də keçiriləcək marafonun fəxri iştikraçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən bir sıra tanınmış şəxslər var.

 

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin  eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

 

“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.