26 aprel 2008

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illiyi ilə əlaqədar multimedia diski və www.zarifa-aliyeva.az saytı hazırlanıb

Heydər Əliyev Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsi çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illiyi ilə əlaqədar multimedia diski və www.zarifa-aliyeva.az saytı hazırlanmışdır.


Üç dildə - Azərbaycan, ingilis, rus dillərində hazırlanan multimedia diski və internet saytı 6 əsas bölmədən ibarətdir. Hər bölmədə 50-yə yaxın fotoşəkil və mətn yerləşdirilmiş, Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından söhbət açılmış, həkim və alim kimi fəaliyyəti ətraflı işıqlandırılmışdır. Fotolar altlarında titrılar verilməklə Azərbaycan bəstəkarlarının ölməz əsərlərinin müşayiəti ilə istifadəçiyə təqdim edilir. Bölmələrdə, eyni zamanda Zərifə xanım Əliyeva ilə bağlı müxtəlif səpgili video materiallar da yerləşdirilmişdir. Bu hal olduqca maraq doğurur və daha dolğun informasiya əldə olunmasına şərait yaradır.


“Portret” adlanan bölmədə Zərifə Əliyevanın uşaqlıqdan başlayaraq həyatının müxtəlif anlarının əks olunduğu fotoşəkillər toplanmışdır. Bu bölmədə Zərifə xanım Əliyevanın ailəsindən söhbət açılır və qeyd olunur ki, Zərifə xanım Əliyevanın belə bir ailədə tərbiyə alması və böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynamış və bu onun gələcək həyat və yaradıcılıq fəaliyyətində özünü açıq-aydın göstərmişdir.


“Həkim-oftalmoloq” bölməsində Zərifə xanım Əliyevanın tələbəlik illəri və sonrakı fəaliyyət dövrünün müxtəlif maraqlı məqamlarının əks olunduğu fotoşəkillər yer almışdır. Bu bölmədə, həmçinin, akademik Nesterov Arkadi Pavloviçin və Elmi-tədqiqat İnstitutunun sabiq direktoru Kseniya Trutnevanın Zərif xanım Əliyeva haqqında xatirələrinin əks olunduğu video material da yerləşdirilmişdir.


“Ömür-gün yoldaşı” adlı bölmədə Heydər Əliyev və Zərifə xanım Əliyevanın birgə ömür yolunu əks etdirən fotoşəkillər toplanmışdır. Bölmədə yerləşdirilən video materiallarda Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə bağlı xatirələri yer almışdır.


“Ana” adlanan bölmədə ailə şəkilləri toplanmışdır. Bu bölmədəki video materialda Sevil xanım Əliyevanın və İlham Əliyevin sevimli anaları - Zərifə xanım Əliyeva ilə bağlı xatirələri lentə alınmışdır.


“Xatirələr” və “Elegiya” bölmələrində də olduqca maraqlı fotoşəkillər və video materiallar yer almışdır. “Xatirələr” bölməsində Müslüm Maqomayevin və professor Brovkina Alevtina Fyodorovnanın Zərifə xanım Əliyeva ilə bağlı xatirələri öz əksin tapmışdır.


Diskdə “Virtual muzey” adlanan bölmə də vardır. Bura daxil olmaqla istifadəçi Zərifə xanım Əliyevanın iş otağı ilə virtual olaraq tanış olur.


Zərifə xanımın zəngin və mənalı ömür yolu keçmişdir. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Fitri istedada malik Zərifə xanımın böyük həyat yolunu bir disklə işıqlandırmaq o qədər də asan deyil. Onu da qeyd edək ki, layihənin icrasına Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bilavasitə rəhbərlik etmişdir.