11.gif
4 aprel 2014

Heydər Əliyev Mərkəzində dahi alman bəstəkarı Rixard Vaqnerin “Mənim həyatım” kitabının təqdimatı keçirilib

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dahi alman bəstəkarı Rixard Vaqnerin (1813-1883) “Mənim həyatım” kitabı Azərbaycan dilində nəşr olunub.

Aprelin 4-də Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.

 

Əvvəlcə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması, eyni zamanda, dünya mədəniyyətinin Azərbaycanda təbliği istiqamətində fəaliyyətinə dair videoçarx nümayiş etdirildi.

 

Daha sonra layihə haqda məlumat verildi.

 

Bəstəkarın nəvəsi Eva Vaqner layihənin reallaşdırılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

 

Mərasimdə Rixard Vaqnerin haqqında iki kitabın müəllifi, yazıçı Ursula Oehme, Rixard Vaqner Muzeyinin direktoru Mariya Berq, Beynəlxalq Rixard Vaqner Fondunun vitse-prezidenti Tomas Krakov çıxış etdilər. Onlar dahi bəstəkarın memuarlarının Azərbaycan dilində nəşrini önəmli hadisə adlandırdılar, bunu Rixard Vaqnerin 200 illiyinə dəyərli hədiyyə kimi qiymətləndirdilər.

 

Mərasimdə Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin mədəniyyət və incəsənətin təbliği istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrdən də söhbət açılıb.

 

Mərasimdə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, bəstəkar, Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Musa Mirzəyev, Rixard Vaqnerin “Mənim həyatım” kitabının redaktoru, “Azad Azərbaycan” Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlı da çıxış etdilər.

 

Sonda Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri R.Vaqnerin əsərlərindən parçalar ifa etdi.


FOTO

Paylaş: