10.jpg
25 noyabr 2014

Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Fikrət Əmirova həsr olunmuş kitabın təqdimatı keçirilib

Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirova həsr olunmuş kitabın təqdimat mərasimi və konsert keçirilib. Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirə qatılanlar əvvəlcə Mərkəzdə bəstəkarın yaradıcılığını əhatə edən ekspozisiya ilə tanış olublar.

 

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli layihənin əhəmiyyətindən söz açıb. Heydər Əliyev Fondunun çoxsaylı layihələri sırasında Azərbaycan mədəniyyətinin, tarixinin, musiqisinin təbliğinin xüsusi yer tutduğunu deyən A.Kərimli bu layihələr çərçivəsində xüsusi nəşrlərin hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb. Fikrət Əmirovun zəngin yaradıcılığına həsr edilmiş, tarixi mənbələr əsasında hazırlanmış kitab, CD və bəstəkarın əsərlərindən ibarət antologiya da sənətkarın yaradıcılığına bir töhfədir.

 

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də çıxış edib. O, nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya musiqi ictimaiyyəti adından minnətdarlığını bildirib.

 

Bəstəkarın oğlu Cəmil Əmirov da layihənin reallaşdırılmasına görə Əmirovlar ailəsi adından Mehriban Əliyevaya təşəkkür edib.

 

Daha sonra tədbir iştirakçıları Fikrət Əmirovdan bəhs edən sənədli filmə baxıblar.

 

Qeyd edək ki, “Fikrət Əmirov” kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin CD-ləri, əsərlərindən ibarət antologiya daxildir.

 

Kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, XIX əsrin sonu XX əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, Fikrət Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və onun əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

 

Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert də təqdim olunub. Orkestri bədii rəhbər və baş dirijor, Xalq Artisti Teymur Göyçayev idarə edib.

 

Azərbaycan musiqisinin korifeylərindən olan Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fikrət Əmirovun yaradıcılığı müxtəlif janrları əhatə edib. Bəstəkar “Şur” və “Kürd ovşarı” simfonik muğamları ilə dünya musiqi tarixində yeniliyə imza atıb və simfonik muğam janrının əsasını qoyub. Şərq nağılları əsasında yaratdığı “Min bir gecə” baleti ona ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb.

 

Fikrət Əmirov 1984-cü il fevralın 20-də dünyasını dəyişib.


FOTO