_DSC2514.jpg
17 may 2005

Heydər Əliyev Fondu Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevskayanın ailə həyatı qurmalarının 50 illiyinə həsr edilmiş musiqili albom hazırlayıb

Heydər Əliyev Fondu dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin və xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə həyatı qurmalarının 50 illiyi – “Qızıl toy” münasibətilə musiqili albom hazırlamışdır. Nəfis şəkildə tərtib olunmuş kitab ingilis dilində olmaqla Maestro və xanımının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərlə zəngindir.


Kitabın ilk səhifəsində Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevskayanın bir yerdə çəkdirdikləri fotoşəkil verilmiş və şəklin aşağısında bu sözlər yazılmışdır: “Qalina Vişnevskaya və Mstislav Rostropoviç 50 il bir yerdə yaşamışlar. Vişnevskayanı XX əsrin ən böyük qadını, Rostropoviçi müasir dövrümüzün böyük musiqiçisi adlandırırlar. Bu mənada onların 50 illik evliliyini xüsusi qeyd etmək lazımdır. Güman ki, bu keçən əsrin, bəlkə də elə yaşadığımız əsrin ən böyük sirlərindən biridir. Biz bu nigahın uğurunun səbəblərini araşdırmaq fikrində deyilik. Amma, 50 illik bu tarixin bəzi səhifələrini vərəqləməyə cəhd göstərəcəyik”.


Kitab Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Qalina və Slava” adlı yazısı ilə başlayır. Mehriban xanım Əliyeva yazıda sənətkarların həyatının müxtəlif məqamlarına toxunur və vurğulayır ki, 50 illik evlilik həyatı boyunca musiqi bir növ onların ayrılmaz ailə dostu idi. Uğurun ümumi bir düsturu yoxdur və ola da bilməz. Amma, şübhəsiz, bu cütlük özlərinin düsturunu müəyyən etmişlər və bu düstur onların 50 il əvvəlki kimi parlaq olmalarına imkan verir.


Yazısının sonunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qeyd edir ki, bu layihədə təqdim olunmuş musiqi parçaları və onları müşaiət edən fotoşəkillər bu tarixi cütlüyün ecazkar dünyasına daxil olmağa imkan verir.


Kitabda Mstislav Rostropoviçin və Qalina Vişnevskayanın SSRİ vətəndaşlığından çıxarılması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarının əks olunduğu sənədin surəti, Mstislav Rostropoviçin “Pravda”, “İzvestiya”, “Literaturnaya qazeta”, “Sovetskaya kultura” qəzetlərinin baş redaktorlarına məktubunun surəti, Qalina Vişnevskaya və Mstislav Rostropoviçin L.İ.Brejnevə məktubunun surəti əks olunmuşdur. Bundan başqa kitabda sənətkarlara müxtəlif vaxtlarda dövlət başçıları, görkəmli sənətkarlar tərəfindən ünvanlanmış təbrik məktublarının surətləri də yer almışdır.


Kitabdakı “Uşaqlıq”, “Qalina səhnədə”, “Maestro”, “Dostlarımız”, “Slava Bakıda” və s. yazılarda sənətkarların həyat və yaradıcılığı haqqında geniş informasiya verilmişdir.


Alboma Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevskayanın yaradıcılığını əhatə edən 8 ədəd CD, 3 ədəd DVD və 1 ədəd multimedia diski də daxildir.