Bakı Marafonu-2019

  • Layihə
  • Foto


2019-cu il mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib.

 

Marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edib.

 

Yarışda iştirak üçün 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar qatılıb. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar olub. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub.

 

Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.

 

Azərbaycanın Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrindən də yarışda iştirak edənlər olub.

 

Builki marafon bir sıra yeniliklərin tətbiqi ilə yadda qalıb. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarışçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrutboyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı qazandırıb.

 

Mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. “Bakı Marafonu-2019”un qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişilər arasında uqandalı atlet İsmail Ssenyange finiş xəttinə birinci çatıb. İran təmsilçisi Məhəmməd Cəfər Moradi ikinci, həmyerlimiz Elman Abışov isə üçüncü olub. Qadınların arasında isə ukraynalı Valentina Poltavskaya, şotlandiyalı Suzanne Matonti və Azərbaycan təmsilçisi Anna Yusupova müvafiq olaraq I-III yerləri tutublar.

 

Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3000, ikinci yeri qazanan 2000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

 

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.

 

“Bakı Marafonu-2019”dan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.



003.JPG
005.JPG
6.JPG
7.jpg
9.jpg
10.jpg
11.jpg
12.JPG
14.JPG
15.JPG
16.JPG
17.jpg
18.jpg