58
Dər məqami-rast
Lütf eyləyüb bir gəz nəzər,
Eylərsə gər sültanimüz.
Kürsi degül, ərşdən dəxi
Ulu olə ünvanimüz.
Bəndlik aradən dur ola,
Zülmət edüb pürnur ola,
Məhzun könül məsrur ola,
Mə’mur ola viranimüz.
Vəhdət şərabin kim içər,
Fani əlayiqdən keçər.
Gər həşr ola neçə-neçə,
Ayilmiyə məstanimüz.
Şövqinlə bülbüllər ötər,
Avazi afaqi dutər,
Hər ləhzə tazə gül bitər,
Heç solmiyə büstanimüz.
Övla Hüdayiyə əta,
Can səm’inə irə nida,
Dərdin verən qadir Xuda
Bir gün verə dərmanimüz.
Dər məqami-rast
Ey talibi-dünya olan,
Təhsil edüb netsən gərək.
Olsan əgər şahi-cəhan,
Bir gün qoyub getsən gərək.
Çəksən neçə yillər təəb,
Dünya sənün fərzilə həp.
Qəbri anarmisin əcəb,
Toprak olub bitsən gərək.