273
Rixard Vaqner
Mənim həyatım
172
Cənazə Fridrixştadtedəki katolik qəbirstanlığındakı kilsəyə aparıldı. Xanım
Devrien onu sakit və sadə şəkildə qarşılayıb üstünə əklil qoydu. Cənazəni növbəti
günədək orada saxladıq. Səhər isə oradan götürüb əvvəlcədən hazırlanmış yerdə
dəfn etdik. Mənə və komitənin ikinci sədri Şulsa fəxri qəbirüstü nitq söyləmək
təklifi edilmişdi. Nitqim üçün təsirli qayə kimi rəhmətlik maestronun oğlu Alek-
sandr fon Veberin atasının cənazəsinin gətirilməsindən bir qədər əvvəl dünyasını
dəyişməsini götürdüm. Bu cavan oğlanın ölümü anasını çox sarsıtmışdı. O, dəhşətli
yeni itkidə Allahın əlinin olduğunu qəbul etməyə hazır idi. Bu, onun ölmüş ərinin
cənazəsinin köçürülməsi üçün göstərdiyi şöhrətpərəst qayğının günahına görə
cəza olmalı idi. Əgər təşəbbüsümüz belə irəliləməsəydi, yəqin ki, ondan imtina
etməli olacaqdıq. Safürəkli auditoriya arasında da bu cür mühakimələr dövr etdiyi
üçün təşəbbüsümüzün əsl mahiyyətini təqdim etmək istədim. Buna elə yaxşı nail
olmuşdum ki, sonralar çoxları bu işimizə qarşı heç kimin etiraz etmədiyinə inandı-
rırdılar. Ömrümdə ilk dəfə auditoriya qarşısında təntənəli nitqlə çıxış edirdim və
bu zaman öz üzərimdə maraqlı müşahidə aparmaq fürsətim olmuşdu. Nəticədə,
həmişə natiq kimi çıxış etməli olan zaman ekspromt danışmalı olurdum. Bu dəfə
qısa danışmaq üçün nitqimi yazılı şəkildə hazırlayıb əzbərləməyi lazım bildim.
Nitqimin predmeti və şəxsi nəzər nöqtəm mənə o qədər aydın idi ki, yaddaşıma
güvənərək qarışıqlıq düşən zaman kömək üçün istifadə edəcəyim bir şey hazırla-
madım. Bununla da nitq söyləyərkən yanımda dayanan qardaşım Alberti narahat
etdim. Sonralar özü mənə etiraf etdi ki, ona suflyorluq üçün əlyazma vermədiyimə
görə məni lənətləmişdi. Başıma belə bir iş gəldi: Mən yüksək, dolğun səslə danış-
mağa başladım və öz nitqim, səsimin vurğusu özümü belə sarsıtdı, qəfil susdum.
Nəfəsini çəkmiş auditoriya ilə üz-üzə digər natiqi nəinki eşidir, hətta özümdən
uzaqlaşaraq görürdüm. Qeyri-adi gərginliklə hamı ilə birlikdə nitqin davamını
gözləməyə başladım. Elə bil, burada dayanan mən deyildim və nitqi mən davam
etdirməməli idim. Bu zaman nə bir qorxu, nə bir çaşqınlıq hiss edirdim. Lakin bir
abzasdan sonra susanda və bu fasilə çox uzun alınanda elə qəribə halda idim ki,
camaat mənə nə olduğunu anlamadı. Yalnız uzunmüddətli fasilə və ətrafa çökmüş
qəbiristanlıq sükutu yadıma saldı ki, mən buraya dinləmək üçün yox, danışmaq
üçün gəlmişəm. Nitqimi davam etdirəndə və sona qədər fasilə vermədən rəvan,
güclü danışanda hətta məşhur aktyor Emil Devrieni ələ ala bilmişdim. O, özü etiraf
etmişdi ki, bu nitq onu yalnız təntənəli mərasimin iştirakçısı kimi yox, həmçinin
dramatik artist kimi həyəcanlandırmışdı. Mərasim mənim kişi səsləri üçün tərtib
etdiyim kantatanın ifası ilə bitdi. Tədbirdə iştirak edən cənab fon Lütihau əvvəlki
fikrini dəyişdi və etiraf etdi ki, həqiqət bizim tərəfimizdə imiş.