Uşaq evləri və internat məktəblərinin inkişafı

Proqram üzrə yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində mövcud problemlərin araşdırılması məqsədi ilə monitorinq aparmış, bu müəssisələrdə uşaqların sayı, aylıq və illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Araşdırmadan sonra uşaq evlərinə və internatlara texniki dəstək, təhsil və səhiyyənin inkişafına kömək əsas istiqamətlər kimi önə çəkilmişdir.


“Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədi ilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir.


Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir, müəssisələrdəki özfəaliyyət kollektivlərinə, musiqi, rəqs, xalçaçılıq, rəssamlıq dərnəklərinə lazım olan köməyi əsirgəmir. Fəaliyyət göstərdiyi dövr ərzində Fondun himayə etdiyi bütün uşaq müəssisələrinin musiqi dərnəkləri yeni musiqi alətləri ilə zənginləşdirilmiş, rəqs kollektivləri zəruri vəsaitlərlə təmin edilmişdir.


2009-cu ildə Fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda inşa edilmiş 50 mənzillik yaşayış binası istifadəyə verilmişdir. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunmuşdur.


Fond uşaqların dünyagörüşünün genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə onların iştirakını təmin edir, həmçinin digər  ölkələrin analoji müəssisələrində tərbiyə alan uşaqların Azərbaycana gəlməsi və ölkəmizlə tanış olması üçün şərait yaradır.