Talassemiyasız həyat naminə

  • Layihə
  • Foto
01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg

2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” mövzusunda dəyirmi masa” keçirilib. Müxtəlif beynəlxalq səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, iri yerli və xarici şirkətlərin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə Azərbaycanın bir sıra rayonlarında talassemiya geninin yayılma tezliyinin yüksək olduğu, əhalinin sayına görə talassemiya daşıyıcılarının orta nisbətinin 8 faizə bərabər olması, talassemiyanın profilaktikası lazımınca təşkil edilməsə, bu xəstəliyə düçar olmuş xəstələrin sayının 45 il ərzində 16 minə çatmaq ehtimalının mövcudluğu diqqətə çatdırılıb.


Problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Mərkəz 2009-cu il mayın 9-da istifadəyə verilib.

 

Mərkəz 5 mərtəbədən ibarətdir. Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin aparılması ardıcıllığı nəzərə alınaraq otaqların təyinatına, həmçinin mərtəbələr üzrə bölüşdürülməsinə xüsusi diqqət yetirilib. Birinci mərtəbədə qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriya vardır. Laboratoriyada qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılıb. İkinci mərtəbə poliklinikadır. Burada baş həkimin otağı, iki hissədən ibarət transfuziya zalı, on iki otağı olan klinika, ümumi laboratoriya, manipulyasiya və şüa diaqnostikası otaqları var. Üçüncü mərtəbədə iliyin köçürülməsi üçün əməliyyat otağı, hərəsi bir nəfərlik beş reanimasiya palatası, iki manipulyasiya otağı, sterilləşdirmə mərkəzi, molekulyar diaqnostika laboratoriyası yerləşir. Mərkəzin dördüncü mərtəbəsində hər biri iki nəfərlik on üç palata, hərəsi bir nəfərlik dörd palata, uşaqlar üçün oyun otağı vardır. Beşinci mərtəbədə kafe, yeməkxana, kitabxana, internet mərkəzi, 110 nəfərlik konfrans salonu fəaliyyət göstərir.