HAF-IIB-ZIYARAT-H.ALIYEV FONDU.JPG
23 iyun 2010

İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilən İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 35-ci illik toplantısının iştirakçıları iyunun 23-də Heydər Əliyev Fondunda olmuşlar.


Ömrünü Azərbaycana və xalqına həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verilmişdir.

 

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyətdə olduğu dövrlərdə ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr Fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

 

Sonda qonaqlar xatirə şəkli çəkdirmişlər.

 

Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar. 


FOTO