FOND-XDMX-TANISHLIQ.JPG
7 may 2010

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Heydər Əliyev Fondunda olub

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti mayın 7-də Heydər Əliyev Fondunda olmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tanışlıq zamanı qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verildi. 

 

Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurdu.

 

Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı.

 

Azərbaycanın hərbi qüdrətinin artması, ölkəmizdə hərbi quruculuğun yüksək səviyyəyə çatdırılmasında ulu öndərin gördüyü işlər haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, yarandığı gündən Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti də ulu öndərin ətrafında sıx birləşərək dövlətçiliyin qorunmasına böyük töhfələr vermişdir.

 

XDMX-nın şəxsi heyətinə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş olundu.

 

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratlarla ayrıldılar. 


FOTO