04_bmt-azerbaycan-tolerantliq-fotosargi.jpg
27 sentyabr 2013

Nyu-Yorkda “Azərbaycan – Tolerantlıq Məkanı” sərgisi açılıb

Sentyabrın 27-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Tolerantlıq Məkanı” fotosərgisinin açılış mərasimi olub.

 

Bir həftə davam edəcək fotosərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənəcək. Qeyd edək ki, Reza Deqati ölkəmizə dəfələrlə yaradıcı səfərlər edib.

 

Sərginin açılışı və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə rəsmi qəbul təşkil olunub. Qəbulda çıxış edən BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser bildirib ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində o, bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olub. Nassir Əbdüləziz əl-Nasserin fikrincə, “Azərbaycan – Tolerantlıq Məkanı” sərgisinin BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində açılması dünya birliyinin Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymətin göstəricisidir. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycanda dini tolerantlığın çoxəsrlik tarixindən danışıb, multikulturalizm və milli-dini azlıqlara hörmətin Azərbaycan xalqının milli xüsusiyyəti olduğunu vurğulayıb.

 

E.İskəndərov son illərdə Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirdiyini vurğulayıb.


FOTO