11 oktyabr 2013

Netaniyada Azərbaycan Günləri keçirilib

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı, Heydər Əliyev Fondunun və STMEQİ Beynəlxalq Dağ Yəhudiləri Fondunun dəstəyi ilə ötən ay İsrailin Kiryat-Ekron şəhərində başlanmış Azərbaycan Günləri Netaniya şəhərində davam etdirilib.


Azərbaycan Günlərinin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, “Azİz” assosiasiyası idarə heyətinin üzvü Yeganə Salman Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin tarixinə və bu dövlətdə yəhudilərin rolu mövzusuna həsr edilmiş məruzə ilə çıxış edib.


Azərbaycanın müasir inkişafından danışan Yeganə Salman bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladıb.


Yeganə Salman Azərbaycan-İsrail münasibətlərindən də söz açıb, bu münasibətlərin hər iki ölkə və xalq üçün mühüm strateji əhəmiyyət kəsb etdiyini söyləyib.


Netaniya bələdiyyə şurasının deputatı, “Bizim evimiz - Netaniya” hərəkatının rəhbəri Boris Siryulnik Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) fəaliyyətini və Azərbaycan-İsrail münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək cəhdlərini yüksək dəyərləndirib.


Tədbir “Azİz”in direktorlar şurasının üzvü Şaul Siman Tovun rəhbərliyi ilə təşkil olunmuş bayram konserti ilə başa çatıb. Konsertdə əslən Azərbaycandan olan, israilli tamaşaçıların sevgisini qazanmış müğənni Tomer Əliyev və Liora Safanova iştirak ediblər.