019.jpg
19 oktyabr 2013

Heydər Əliyev Fondu Azərbaycanı İtaliyada daha yaxşı tanıtmaq məqsədilə yeni layihənin reallaşdırılmasına başlayıb

Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirilib.


Florensiyanın Bələdiyyə Teatrında keçirilən tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov hər iki ölkə rəhbərliyinin ciddi səyləri nəticəsində dinamik inkişaf edən Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsində münasibətlərin daha da genişləndirilməsində bu layihənin müstəsna xidmətlərini vurğulayıb. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Fondun ölkəmizin dünyada daha dərindən tanıdılması istiqamətində böyük işlər həyata keçirdiyini bildirib.


Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub. Orkestr Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının əsərlərini ifa edib.


Tədbirdə Florensiya şəhərinin rəhbərləri, regionun tanınmış simaları ilə yanaşı, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da iştirak edib.


Florensiya Şəhər Şurasının sədri Eugenio Giani tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.


FOTO