01_israil-aziz.jpg
16 noyabr 2013

İsraildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş təntənəli qəbul keçirilib

Təl-Əvivin “Dan Panorama” otelində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş qəbul keçirilib. Qəbul Heydər Əliyev Fondu, İsrailin Xarici İşlər Nazirliyi və “Caspian Drilling Company” şirkətinin dəstəyi ilə “Azİz” beynəlxalq assosiasiyası tərəfindən Azərbaycanın Müstəqilliyi Günü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində keçirilib.

 

Qəbulda Milli Məclisin deputatı Səməd Seyidov, Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzinin direktoru Emiliya Xudiyeva, İsrailin xarici işlər naziri Aviqdor Liberman, Knessetin deputatları, bir sıra dövlətlərin səfirləri, rus və ivrit dilli mətbuatın nümayəndələri iştirak ediblər.

 

Fəxri qonaqlar arasında tanınmış biznesmenlər, o cümlədən İsrailin ən iri neft şirkətlərinin nümayəndələri də olub.

 

İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı dostluq əlaqələrindən danışıb.

 

Tədbirdə Barştakın kvarteti xüsusi proqramla çıxış edib. Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin ən populyar əsərləri, həmçinin xalq musiqiləri səsləndirilib.

 

Tədbir iştirakçılarına “2013-cü ildə İsraildə Azərbaycan günlərinin” əsas tədbirlərindən bəhs edən kitabça və videofilm diski hədiyyə edilib.