26-IMG_5373.jpg
21 noyabr 2013

İsrailin Rehovot şəhərində Azərbaycan günləri keçirilib

İsraildə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Rehovot şəhərinin İncəsənət Evində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının fəallarının ictimaiyyətlə görüşü olub. İsraildə Azərbaycan Mədəniyyəti Günləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Azİz” Beynəlxalq Assosiasiyası tərəfindən təşkil edilib. Görüşdə Kiryat Ekron şəhərinin meri Xovev Tsabari, Rehovot Şəhər Şurasının deputatı Yefim Zaika, İsrail Absorbsiya Nazirliyinin baş direktoru Oded Forer, “Azİz”in dəvəti ilə Bakıdan gəlmiş Azərbaycan Xarici Dillər Universiteti nəzdində İsrail Mədəniyyəti Mərkəzinin direktoru Emiliya Rzayeva iştirak ediblər.

 

Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı qətliam barədə israilliləri məlumatlandırmağa davam edən “Azİz” Beynəlxalq Assosiasiyası “Justice for Khojaly” adlı səyyar sənədli fotosərgi açıb.

 

Beynəlxalq münasibətlər sahəsində ekspert, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut Xocalı faciəsi haqqında məruzə ilə çıxış edib, Xocalı qətliamını XX əsrin ən dəhşətli faciələrindən biri adlandırıb: “Bu faciənin bu gün nümayiş etdirdiyimiz amansız və tükürpərdici səhnələri Azərbaycanın ürəyində ağır və sağalmaz yaradır. Erməni faşistlərinin soyuq qış gecəsində qocalara, uşaqlara və qadınlara aman vermədən 613 adamı məhv etdikləri Xocalı qətliamı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu insanların çoxu misli görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışdı”.

 

Xocalının dinc sakinlərinin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərini vurğulayan A.Qut fikrini belə davam etdirib: “Xocalı hadisəsi Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində apardığı etnik təmizləmənin mərhələlərindən biridir. Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə xüsusi amansızlığın izahı yoxdur. Bu dəhşətli faciə heç vaxt unudulmamalıdır”.

 

Sonra Arye Qut müsəlman Şərqində ilk parlamentli demokratiya olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq Azərbaycan tarixindən, yəhudilərin Azərbaycanın tarixində və mədəniyyətindəki rolundan, habelə iqtisadiyyat, sənaye və mədəniyyət sahələrində Azərbaycanın bugünkü inkişafından söz açıb.

 

Sonda Leonid Barştakın rəhbərliyi ilə simli kvartetin konserti olub. Konsertdə Azərbaycan professional musiqisinin klassikləri Üzeyir Hacıbəyov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri səsləndirilib. Gənc opera müğənnisi Məryəm Hacıyeva Azərbaycan dilində ariyalar ifa edib.


FOTO