08.jpg
21 yanvar 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə İsraildə 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Xayfa Universitetində İranın və İran körfəzi ölkələrinin öyrənilməsi üzrə “Ezra” mərkəzi ilə birlikdə 1990-cı il 20 Yanvar faciəsini anma gecəsi keçirib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş gecədə İsrailin müxtəlif bölgələrində yaşayan, əslən Azərbaycandan olan sakinlər, faciə zamanı həlak olmuş Aleksandr Marxevka, Vera Bisantina və Yan Meyeroviçin hazırda İsraildə yaşayan doğmaları və yaxınları iştirak ediblər.

 

Anım tədbirində məşhur kinorejissor Andrey Konçalovskinin “Hakimiyyət yükü” adlı sənədli filmindən parça nümayiş etdirilib.

 

Universitetin Tələbələr Evinin mərkəzi zalında Azİz Assosiasiyasının üzvü, 20 Yanvar hadisələrinin canlı şahidi olmuş, hazırda İsraildə yaşayan bakılı fotoqraf Boris Dobinin faciə günü çəkdiyi fotoların sərgisi təşkil edilib.

 

Boris Dobin 20 Yanvar faciəsini əks etdirən 67 fotoşəkildən ibarət kolleksiyasını Heydər Əliyev Fonduna verib.

 

Tədbirdə “Ezra” mərkəzinin direktoru doktor Soli Şahvar, mərkəzin elmi işçisi Emil Abramov, Azİz Assosiasiyasının nümayəndələri Yeganə Salman, Arye Qut, Mehman Quliyev və digərləri çıxış ediblər.


FOTO