5.jpg
6 may 2015

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-da Azərbaycanın çövkən oyununa həsr olunan sərgi açılıb

Mayın 6-da UNESCO-da Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu - çövkənə həsr olunan sərginin açılışı və məşhur fransız yazıçı və ekspert Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı olub.


Tədbir 2015-ci il mayın 16-da UNESCO-da keçiriləcək Avropa Muzeylər Gecəsi çərçivəsində qurumun iqamətgahında keçirilib.


UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez sərginin təşkilinə görə Heydər Əliyev Fonduna və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinə təşəkkürünü bildirib. A.Perez Azərbaycan Respublikasının UNESCO-nun 2003-cü il Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın həyata keçirilməsində aktiv rolunu yüksək qiymətləndirib.


Baş direktorun müavini çövkənin 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini Azərbaycan Hökumətinin qeyri-maddi irsin qorunmasına yüksək diqqətinin göstəricisi kimi qiymətləndirib.


Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov Avropa Muzeylər Gecəsində 7-ci dəfə iştirak etdiyini xatırladıb və ilk dəfə Azərbaycanın UNESCO tərəfindən tədbirdə dəyərli qonaq qismində iştiraka dəvət olunduğunu bildirib.


A.Kərimov çövkənin azərbaycanlıların özünəməxsusluğunun və xalqımızın mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edib. O, qədim çövkən oyununun dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində, “Dədə Qorqud” dastanında və məşhur səyahətçilərin yazılarında əks olunduğunu diqqətə çatdırıb. Daimi nümayəndə çövkənin Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar olduğunu bildirib və qeyd edib ki, həmin ərazilərin işğalı nəticəsində sözügedən at növünün artımı mürəkkəbləşib.


A.Kərimov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatın dəyərlərinin təşviqində və müxtəlif sahələrdə layihələrə göstərdiyi dəstəyi qeyd edib və sərginin keçirilməsində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.


Daimi nümayəndəliyin rəhbəri “Qarabağ atı” kitabının müəllifi Jan-Lui Quroya gördüyü işə görə təşəkkürünü bildirib.


Jan-Lui Quro çövkənin məhz Qarabağ atlarının üstündə oynanıldığını qeyd edib və onun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmasının Azərbaycan üçün böyük uğur olduğunu vurğulayıb. Yazıçı Qarabağ atının dünyada 3 “təmiz qanlı” at növündən biri olduğunu vurğulayıb.


Sonda sərgidə iştirak edən UNESCO-da akkreditə olunmuş daimi nümayəndələrə, katibliyin təmsilçilərinə, Fransa ictimaiyyətinin nümayəndələrinə və jurnalistlərə “Qarabağ atı” kitabı paylanıb.


FOTO