DSC_6382.jpg
13 may 2015

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-da “Azərbaycan: Ənənədən müasirliyə” mövzusunda sərgi açılıb

Mayın 13-də hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub.

 

Açılış mərasimində çıxış edən UNESCO-nun xarici əlaqələr üzrə sektorunun idarə rəisi Genc Seiti sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

G.Seiti sərgidə nümayiş etdirilən qədim arxeoloji əşyaları, misgərlik və xalçaçılıq sənətinin nümunələrini, müasir incəsənət əsərlərini Azərbaycanın mədəni irsinin davamlılığının göstəricisi kimi qiymətləndirib.

 

G.Seiti Azərbaycanın UNESCO-nun mədəniyyət sahəsində mövcud olan konvensiyalarının həyata keçirilməsində, xüsusən qeyri-maddi mədəni irsin qorunmasında fəal iştirak etdiyini vurğulayıb.

 

Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi səfir Anar Kərimov çıxışında qonaqlara sərgidə nümayiş etdirilən əsərlər əsasında Azərbaycanın zəngin tarixi haqda məlumat verib. O, qonaqları Azərbaycanla daha yaxından tanış olmaq üçün ölkəmizə dəvət edib. Diplomat Azərbaycanın hərbi təcavüzdən əziyyət çəkməsinə baxmayaraq, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunmasına əməli addımlarla cəhd etdiyini deyib, bu xüsusda, Azərbaycanda təşkil olunacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə keçiriləcək Avropa Oyunları haqda məlumat verib. Anar Kərimov bu kimi tədbirlərin təşkilində Mehriban Əliyevanın xidmətlərini vurğulayıb və onun UNESCO-nun Xoşməramlı səfiri qismində aktiv fəaliyyətindən danışıb.

 

Sərginin “Azərbaycan: Ənənədən müasirliyə” guşəsində arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunmuş pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları nümayiş etdirilir.

 

“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş guşədə Azərbaycanın tanınmış heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin yarışların keçiriləcəyi 20 idman növü üzrə bürüncdən hazırladıqları işlər yer alır.

 

“Azərbaycanın müasir incəsənəti” adlı bölmədə görkəmli rəssamlardan Toğrul Nərimanbəyovun, Altay Sadıqzadənin, Əşrəf Muradın, Leyla Əliyevanın, Müseyib Əmirovun, Məmmədkərim Quliyevin, Əhəd Məmmədovun, DarvinVəlibəyovun, Sabir Çopuroğlunun, Əliyar Əlimirzəyevin, Niyaz Nəcəfovun, Orxan Hüseynovun, Faiq Əhmədin və digərlərinin əsərləri nümayiş etdirilir.

 

Sərgidə Azərbaycanın ən qədim atüstü oyunu olan Çövkən də təqdim olunur.

 

Sərginin açılışında “Azərbaycan cazının yeni nəsli” adlı konsert proqramı da təqdim olunub. Konsertdə beynəlxalq caz festivallarının iştirakçısı, virtuoz ifaçı Şahin Növrəsli özünün bəstələdiyi əsərlərlə yanaşı, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, habelə xalq mahnılarını pianoda ifa edib. Onu zərb alətlərində Ari Hofenig, kontrabasda Natan Pek, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli müşayiət ediblər.

 

Tədbir zamanı iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunmuş nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.

 

Sərgi mayın 20-dək davam edəcək. Mayın 16-da isə sərgidə saat 00.00-dək “açıq qapı” elan olunacaq.


FOTO