001.jpg
11 fevral 2013

Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb.


Mehriban Əliyeva Dominik de Villpen ilə Parisdəki görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında gözəl əlaqələrin olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının məhz fransız şirkətinin dəstəyi ilə reallaşmasını buna bariz nümunə kimi göstərib. O, Fransanın köməyi ilə bu proqramın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.


“Biz Heydər Əliyev Fondu olaraq humanitar, mədəniyyət, təhsil sahələrində də əməkdaşlıq edirik. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, Fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir” - deyə MehribanƏliyeva vurğulayıb. Azərbaycanın birinci xanımı bu tədbirlərin maraqla qarşılandığını, Fransa mətbuatında Azərbaycan barədə müsbət yazıların sayının artdığını xüsusilə qeyd edib.


Təhsil sahəsində əməkdaşlığa da toxunan Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu bildirib. 


Azərbaycanın birinci xanımı Dominik de Villpenin bu səfərinin uğurlu olacağına əminliyini ifadə edib.


Dominik de Villpen xoş sözlərə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib, Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu deyib. O, Azərbaycanı qazandığı uğurlar münasibətilə bir daha təbrik edib, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin artan nüfuzunun bariz göstəricisi adlandırıb. Fransalı qonaq bu oyunların keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə rəhbərlik edən Mehriban Əliyevaya uğurlar arzulayıb. 


Sonda xatirə şəkli çəkdirilib.


FOTO