1401733769.JPG
2 iyun 2014

Mehriban Əliyeva Roma Papası Fransis ilə görüşüb

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papası Fransis ilə görüşüb.

 

Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr haqda Roma Papasına məlumat verən birinci xanım qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü söyləyib.

 

Mehriban Əliyeva Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.

 

2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana səfərini xatırladan Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirib, Roma Papası Fransisi də Azərbaycana səfərə dəvət edib.

 

Dəvəti qəbul edən Roma Papası Fransis Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu bildirib. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayıb.

 

Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib. O, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirib.

 

Mehriban Əliyeva isə bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini söyləyib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.


FOTO

VİDEO