Martın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondda Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür. Fondun prezidenti qonağı səmimi salamlayaraq, ona ölkəmizə xalqımız üçün əziz olan bir gündə - Novruz bayramında səfər etdiyi üçün minnətdarlığını bildirmişdir.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, onun əsas vəzifələrindən biri xəstə uşaqlara, o cümlədən qan xəstəliyinə - talassemiyaya tutulmuş uşaqlara yardım etməkdir. Bu məqsədlə Fond layihə həyata keçirir. Həmin layihə çərçivəsində bir sıra tədbirlər görülmüş, o cümlədən gündüz stasionarı olan tibb mərkəzi tikilmişdir.
Fondun rəhbəri qeyd etmişdir ki, Azərbaycanın bu sahədəki təcrübəsi Gürcüstan üçün də faydalı ola bilər.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak etmişdir.