1396530983.JPG
3 aprel 2014

“Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib

Aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib.

 

Azərbaycanın birinci xanımı, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.

 

Toplantıdan əvvəl Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü oldu. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər məsələlər müzakirə edildi.

 

Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirildi. Toplantıda çıxış edən Mehriban Əliyeva Patrik Hikkiyə yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı. “Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub” - deyən Mehriban Əliyeva Azərbaycanın dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırlatdı, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcəkdir.

 

Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun”.

 

Patrik Hikki Mehriban Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirdi. Əlaqələndirmə Komitəsinin ötən ilin oktyabrında keçirilən ikinci iclasından sonra bir çox işlərin görüldüyünü deyən Patrik Hikki tarixi əhəmiyyəti ilə diqqət çəkən bu oyunların 2016-ci ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu vurğuladı. Maliyyə və texniki məsələlərlə bağlı işlərin yüksək səviyyədə həyata keçirildiyini deyən Avropa Olimpiya Komitəsinin prezidenti təşviqat məsələlərinin əhəmiyyətini də qeyd etdi.

 

Toplantıda Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru Cim Şerr, idman üzrə direktoru Piyer Okalaqan, idman xidmətləri və əməliyyatlar üzrə direktor Ceyms Makleod da çıxış etdilər.

 

Toplantıda Avropa Oyunları ilə bağlı təşviqat materiallarına dair məsələ də diqqət mərkəzində olub.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO