003.JPG
12 sentyabr 2014

Bakı Fransız Liseyinin açılışı olub

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Fransız Liseyinin açılışında iştirak ediblər.


Bakının “Ağ şəhər” adlanan ərazisində inşa olunan təhsil ocağı 320 şagird yerlikdir. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.


Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərəcək. Cari tədris ilində 100 şagird liseydə təhsil almağa başlayacaq.


Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi liseydə tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.


Qeyd edək ki, liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub.


FOTO