006.JPG
12 sentyabr 2011

Mehriban Əliyeva Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısında iştirak edib


Sentyabrın 12-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplantıda iştirak etmişdir.


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında baş direktor İrina Bokova qarşıladı.


Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri ilə görüşdü. Xoşməramlı səfirlər Azərbaycanın birinci xanımını böyük hərarətlə qarşıladılar.


Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək bütün dünyada YUNESKO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar YUNESKO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər. YUNESKO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda da fəal iştirak edirlər. Sadalanan bütün bu amilləri Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva öz fəaliyyətində prioritet məsələ kimi rəhbər tutur. Məhz buna görədir ki, Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri və Heydər Əliyev Fondunun prezidenti kimi bütün dünyada çox böyük nüfuza malikdir.


25 xoşməramlı səfirin iştirak etdiyi toplantını YUNESKO-nun baş direktoru İrina Bokova açdı.


Səfirləri salamlayan İrina Bokova ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə xoşməramlı səfirlərə məlumat verdi. İrina Bokova bildirdi ki, YUNESKO dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxlayır. Baş direktor dövlətlər və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dedi. YUNESKO-nun baş direktoru bir müddət əvvəl Haitidə baş verən təbii fəlakətin aradan qaldırılması üçün daim öz nəcib təşəbbüsləri ilə seçilən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yardımını yüksək qiymətləndirdi, ona dərin minnətdarlığını bildirdi.


YUNESKO-nun xoşməramlı səfirlərinin növbəti toplantısının böyük əhəmiyyət daşıdığını deyən İrina Bokova təşkilatın xoşməramlı səfirlərinin sırasına daha beş yeni üzvün əlavə olunduğunu bildirdi.


Xoşməramlı səfirlərin sonuncu görüşündən ötən dövr ərzində dünyasını dəyişən iki xoşməramlı səfirin xatirəsi yad edildi.


Sonra çıxışlar oldu. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış etdi.


X X X


Xoşməramlı səfirlərin 11-ci toplantısında YUNESKO-nun fəaliyyəti ilə bağlı məsələlər və təşkilatın dəyərlərinin dünyada dəstəklənməsi yolları müzakirə edildi. Sonra YUNESKO-nun gender bərabərliyindəki fəaliyyəti, münaqişə və təbii fəlakətlərdən sonrakı vəziyyət, “Təhsil hamı üçün-2011” Ümumdünya məruzəsinin təqdimatı və digər məsələlərlə bağlı məruzələr dinlənildi, müzakirələr aparıldı. Bundan başqa, toplantıda iştirakçılar gənclərin problemləri, vətəndaşların sülhün və mədəniyyətlərarası dialoqun möhkəmlənməsindəki iştirakının genişləndirilməsi məsələlərinə toxundular.


Bildirildi ki, YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə də həmin sahələrdə həyata keçirilən proqram və layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır. Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi çox böyük işlər görür, mühüm layihələr reallaşdırır.


Sonda xatirə şəkli çəkdirildi.


X X X


YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri də təqdim olundu. Burada Azərbaycanın müasir inkişafını əks etdirən şəkillərlə yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun da maraqlı fotoları var idi. Bundan başqa, Fondun Azərbaycan tarixi və mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə kataloqları da maraqla qarşılandı. Avropa ailəsinin üzvü olan respublikamızın zəngin mədəniyyəti, tarixi irsi haqqında Avropada daha güclü təbliğat aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri çox böyük əhəmiyyət daşıyır.


FOTO