02_TBILISI-HAF-MAKTAB-TAMIR .jpg
11 mart 2010

Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib

Heydər Əliyev Fondu Gürcüstandakı azərbaycanlıların hər sahədə olduğu kimi, təhsil sahəsində də müsbət irəliləyişə nail olmalarına dəstək və yardımını əsirgəmir. İndiyədək azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində uzun illər təmir olunmamış bir neçə məktəb binası Fondun dəstəyi ilə əsaslı surətdə yenidən qurulmuşdur. Belə təhsil ocaqlarından biri də Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumi məktəbidir.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı surətdə bərpa olunmuş məktəbin martın 11-də açılış mərasimi keçirilmişdir. Tədbiri Gürcüstan təhsil və elm naziri Dmitri Şaşkin açaraq, belə xeyirxah işə görə Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Nazir demişdir ki, bu il Fondun yardımı ilə bölgədə üç məktəb binası əsaslı bərpa olunmuşdur. Azərbaycanlı tərəfdaşlarımız bu istiqamətdə işləri davam etdirmək niyyətindədirlər, biz onları alqışlayır, uğur diləyirik. D.Şaşkin əmin olduğunu bildirmişdir ki, yaxşı şərait tədrisin və təlimin yüksək səviyyədə təşkilinə imkan yaradacaqdır.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xoş arzularını tədbir iştirakçılarına çatdırmışdır.


A.Ələkbərov əmin olduğunu bildirmişdir ki, müasir tələblərə uyğun təmir olunan məktəb binası şagirdlərin elmin sirlərinə daha yaxşı yiyələnmələrinə imkan yaradacaq və onlar hər yerdə xalqımızı ləyaqətlə təmsil edəcəklər. Heydər Əliyev Fondunun prezidenti bölgədə məktəblərin yenidən qurulması, təhsil ocaqlarında şəraitin yaxşılaşdırılması yönündə bütün səyləri səfərbər etməyi tapşırmışdır. Buna görə də Fondun əməkdaşları mütəmadi olaraq burada işləyir, müvafiq məlumatlar toplandıqdan sonra Mehriban xanımın tapşırığına əsasən məktəb binalarında yenidənqurma işləri görülür. Biz daha bir neçə məktəb binasının yenidən qurulmasını, yeni məktəb binalarının inşasını da planlaşdırmışıq.

 

Fondun icraçı direktoru demişdir ki, Tbilisidəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan məktəbi ilə tanışlıq zamanı bu təhsil ocağının əsaslı təmirə ehtiyacı olduğunu müəyyən etmişik. Mütəxəssislər müvafiq sənədləri hazırlayandan sonra Gürcüstan paytaxtındakı məktəbin əsaslı təmirinə başlanacaq və iş ilin sonuna yekunlaşdırılacaqdır. Ümumiyyətlə, 2010-cu ildə iki məktəbi yenidən qurmağı qərara almışıq. Bölgədə təmirə ehtiyacı olan məktəblər vardır, biz onları da bərpa etdirəcəyik.

 

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Gürcüstan azərbaycanlıları adından belə bir xeyirxah işə görə Azərbaycan Respublikasının rəhbərliyinə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Marneuli resurs-təhsil mərkəzinin rəhbəri Kamandar İsmayılov Fondun gürcüstanlı soydaşlarımıza qayğı və diqqəti əsirgəmədiyindən, məktəblərin təmiri, lazımi dərsliklə, avadanlıqla təmin olunmasında uğurlu fəaliyyətindən danışmışdır.

 

Marneulidəki 7 nömrəli ümumi məktəbin direktoru Vahid İbrahimov belə bir hədiyyəyə görə təhsil ocağının kollektivi adından Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, təqribən 40 il ərzində təmir olunmamış məktəb binası tam yararsız vəziyyətə düşmüşdü. Məktəbin 100 nəfər şagird və 23 nəfərdən ibarət müəllim kollektivi ruhdan düşmüş, təlimin keyfiyyəti zəifləmişdi. Belə bir vəziyyətdə Heydər Əliyev Fondu köməyimizə çatdı.

 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze, Marneuli rayon rəhbərliyi iştirak etmişlər. 


FOTO